AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ HADİSƏ: Qaynının arvadına vuruldu, onu Bakıya qaçırıb...
11-01-2024, 00:17

Şəkidə adam oğurluğunda ittiham olunan 1968-ci il təvəllüdlü Tərlan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tərlan Babayev Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib. O, hasardan həyətə keçərək evin içərisində Samirə Məmmədovanın boğazından tutaraq boğub, sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Tərlan Babayev Samirə Məmmədovanı zor tətbiq etməklə yaşadığı ünvandan oğurlayıb və Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivinə gətirib. Həmin ünvanda Samirə Məmmədovanı üç gün saxlayıb.

“Qaynımın arvadı ilə söz-söhbəti yarandı”

İstintaq orqanı tərəfindən Tərlan Babayevin barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, anasının xalası qızı Xumarla 1994-cü ildə ailə həyatı qurub və onun həmin nikahdan bir oğlu var: “Öz ailəm ilə birlikdə uzun müddət Bakı şəhərində yaşamışam. 2003-cü ildə isə Şəki şəhərinə köçmüşük. Qohum kimi qaynanam Səlimənin evinə gedib-gəlmişəm.

Təxminən bir il qabaq qaynım Rasimin arvadı Samirəgilin evlərində söz-söhbət yarandı. Samirə də acıq edərək anasıgilə getdi. Bəzən arvadım, bəzən özüm, bəzən isə Rasim gedərək Samirəni anası evindən götürüb və öz evinə gətirmişik”. Təqsirləndirilən Tərlan Babayev də apelyasiya şikayəti verib. O, apelyasiya instansiya məhkəməsində işin istintaqla aparılmasını, barəsində olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini istəyib.

Şikayət edildi, cəza 1 il artırıldı

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Samirə Məmmədovanın şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Tərlan Babayevin cəzası 9 ilə qədər artırılıb. Tərlan Babayevin şikayəti isə təmin olunmayıb.

Bu qərardan narazı qalan Tərlan Babayev kasasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul edilib. (teleqraf.com)





up