Ötən gün sosial şəbəkələrdə yayılan məlumata görə, Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının qarşısında siqaret çəkən şəxslər saxlanılıblar.
İddialara görə, 3 polis əməkdaşı metronun giriş qapısının qarşısında müşahidə apararaq, ərazidə siqaret çəkən insanları cərimələyiblər. Məlumatda deyilir ki, siqaret çəkərkən yaxalanan vətəndaşlar yerindəcə 31 manat cərimələnirlər, cəriməni ödəməyən şəxslər isə yaxınlıqdakı polis bölməsinə aparılırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik.
Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı qanun pozuntusu aşkarlandıqda polis əməkdaşları tərəfindən hadisəyə reaksiya verilir:
“Siqaret və tütün məmulatlarının istifadəsi ilə bağlı qanunvericilikdə xüsusi norma var. Bu məsələ də həmin qanunvericiliklə tənzimlənir. Digər şəxslərin həyat və sağlamlığına zərər verməməsi üçün tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır. Bu məsələ ilə bağlı polis əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirmə işi aparılır.
Tövsiyə edilir ki, vətəndaşlarımızın da maarifləndirmə prosesində aktivliyi hər zaman müşahidə olunsun və tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər.
Əks halda qanunvericiliyin tələbləri pozularaq qapalı yerlərdə bu hal aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbir görülür, inzibati xəta haqqında protokol tərtib olunur”.
AZİNFORM.AZ