Abşeronda 27-BV-286 dövlət nömrə nişanlı, “Lada” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Şəmistan Qəmbər oğlu Mirişli yenidən avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
AZİNFORM.AZ xəbər verir ki, Şəmistan Mirişli saxlanılan zaman H.Əliyev prospektində idarəsində olan avtomobilin Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən duracağa aparılmasına mane olmaq istəyib.
Hadisə yol polisi əməkdaşı evakuator çağırıb avtomobili cərimə meydançasına aparmaq istəyən zaman baş verib. Yol polisi əməkdaşı əlavə kömək çağırıb. Kömək üçün Post-Patrul Xidməti əməkdaşları hadisə yerinə gəlsələr də, Şəmistan Mirişli yenə avtomobilini çərimə meydançasına aparmağa mane olub.
Polis əməkdaşları avtomobili evakuatora qaldırmaq istəyən zaman Ş.Mirişli maşının yük yerindən ikilitrlik plastik qabda olan benzini götürüb və avtomobilin damına çıxaraq, arxa yük yerinin, polisin və özünün üzərinə töküb. Polis əməkdaşlarına bildirib ki, avtomobilini çərimə meydançasına aparsalar, maşını və özünü yandıracaq. Daha sonra əlində olan alışqanla avtomobilinin üzərinə tökdüyü benzini alışdırıb.
Məhkəmə iclasında məlum olub ki, sürücü avtomobilinin ön dövlət qeydiyyat nişanını açaraq yük yerinə qoyub, bu səbəbdən saxlanılıb. O, radara düşməmək üçün belə bir addım atıb. Şəmistan Mirişli yol polisi əməkdaşlarına qəsdən avtomobilinin ön dövlət qeydiyyat nişanını açdığını və həmişə bu vəziyyətdə idarə etdiyini, bundan sonra da eyni qaydada, yəni ön qeydiyyat nişanı olmadan idarə edəcəyini bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və 15 gün müddətinə inzibati həbs olunub.
Qeyd edək ki, bu ilin iyul ayında da Şəmistan Mirişli idarə etdiyi 27-BV-286 dövlət nömrə nişanlı “Lada” markalı avtomobili ilə avtoşluq edərkən saxlanılıb və barəsində 15 sutka həbs qərarı verilib.