Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı AÇIQLAMA
6-09-2023, 01:14

Məlum olduğu kimi, sentyabrın 3-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Yerli vaxtla saat 20:38-də qeydə alınan zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında da hiss olunub. Gecə saatlarında isə Kürdəmirdə nisbətən zəif afterşok qeydə alınıb. Zəlzələ zəif təkanlarla müşahidə olunsa da, bu dəfə də əhali arasında təşviş yaradıb.

 Onu da əlavə edək ki, son təkanlar zamanı “Google” şirkətinin zəlzələ xəbərdarlığı bir çox mobil telefonda işləməyib, bildiriş göndərilməyib. 

Bəs Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?

 Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb.

O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir: 

“İlk öncə qeyd edim ki, ölkə ərazisində müxtəlif vaxtlarda zəlzələlər baş verir. Onların arasında hiss olunanı da, olunmayanı da var. Sentyabrın 3-də 37 təkan olmuşdu, onlardan biri də Kürdəmirdə baş verdi və hiss olundu. 52 kilometr dərinlikdə olan zəlzələnin 4 baldan yuxarı olanı hiss olunur. Zəlzələ dərinlikdə olduğuna görə ölkənin xeyli ərazisində hiss olundu.

O ki, qaldı yaxın vaxtlarda Azərbaycanda dağıdıcı zəlzələnin olmasına, dəfələrlə bildirmişəm ki, Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Bəzən hasısa təkan olanda deyirlər ki, Qurban müəllim demişdi zəlzələ olmayacaq, amma oldu. İstərdim ki, sözlərimə diqqətlə yanaşsınlar, zəlzələ hər gün olur, söhbət dağıdıcı zəlzələdən gedirsə, yaxın vaxtlarda gözlənilmir”.

Qurban Yetirmişli ölkə ərazisində mövcud olan ən həssas seysmik zonalar barəsində də danışıb: 

“Bununla bağlı xəritələr, harada güclü zəlzələlərin əhatə dairəsi olması ilə bağlı məlumat var. 427-ci ildən bu yana baş vermiş güclü zəlzələlərin, dağıntıların baş verdiyi ərazilərlə bağlı xəritə tərtib olunub. Şamaxı və Gəncəbasar regionları bu xəritədə ən həssas bölgələrdir”.

O.Yetirmişli “Google” şirkətinin zəlzələ xəbərdarlığı ilə bağlı bildiriş göndərməməsinə də münasibət bildirib:

“Həmin proqram 2003-cü ildən var. Lakin bu proqram düzgün məlumat vermir. Məsələn, bir müddət əvvəl bu proqram xəbər vermişdi ki, Xəzərdə zəlzələ baş verib. Amma məlum oldu ki, zəlzələ Xəzərdə deyil, başqa yerdə baş verib.  Və yaxud iyul ayında Cəlilabadda zəlzələ baş vermişdi, amma proqram Qazaxı göstərmişdi. Bu da insanları boş yerə təşvişə, qorxuya salmışdı”.





up