Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilib və Hicran Əliyeva məhkəmə zalından həbs olunub.
İttihama görə, Hicran Əliyeva qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törədib.
Belə ki, Hicran Əliyeva tanışı Zəminə Həsənovanın (şərti) etibarından sui-istifadə edib Azərbaycana dərman preparatlarının idxalını təşkil edən şirkətin açılmasına vəsait qoyub fəaliyyət göstərdikdən sonra birgə qazanc əldə edəcəkləri adı ilə aldadaraq. O, 2013-cü ildə “Aqata” gözəllik salonunda ondan ümumilikdə 300 000 manat pul alıb.
Hicran Əliyeva eyni əməllə həmin salonda Məleykə Məmmədovadan (şərti) da 60 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə elan olunmuş ittiham üzrə o, özünü qismən təqsirli bilib. Hicran ifadəsində göstərib ki, “Aqata” gözəllik salonunda xadimə işləyib. 2007-2008-ci illərdə həmin gözəllik salonunda kosmetoloq rəhmətə getdiyindən bir müddət nəzarətçi işləyib, daha sonra müdiriyyət özü nəzarət etməyə başlayıb. “Aqata” gözəllik salonu Rəhilə Məmmədova adlı qadına məxsus olub./pravda.az/