Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.
“Qeyd edim ki, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.
15:41
Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva tapılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib:
“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.
14:00
Mayın 18-də Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, qız may ayının 18-də axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Əfsanənin anası Samirə Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızı sosial şəbəkədə Cəlilabad rayonunda olan bir şəxslə danışıb:
“Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, - dedi. Hər gün ancaq “WhatsApp”da danışırdılar. Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın”.
S.Tağıyeva deyir ki, qızı qaçdığı gün telefondan nömrəni çıxarıb:
“Həmin gün işdən anamgilə gəldim və günorta yeməyi yedik. Elə uşaqlarım da oraya gəldilər. İki uşağım orada qaldı. Mən də Əfsanə ilə gedib evə bazarlıq etmək istədim. O da dedi ki, ana, mən evə gedirəm. Qızımı evə ötürdüm və bazarlıq etdim. Daha sonra kreditimiz var idi və onu ödəmək istədim.
Baxdım ki, şəxsiyyət vəsiqəm çantamda deyil. Düzü, nömrəmdə balans yox idi. Mağazada olan bir adamdan xahiş etdim ki, qızıma yazsın, sənədi atsın. Əfsanə atdı və krediti ödədim. Evə gəldim ki, qapı bağlıdır. Əfsanəni çağırdım, səs vermədi. Hamıya zəng etdim, qızımdan xəbər olmadı”.
“Qızımın çıxarıb atdığı nömrəsini telefonuma qoydum və “WhatsApp”da “Əfsanə, gəlirsənmi, çatırsanmı?” mesajını gördüm. Cəlilabad Rayon Polis Şöbəsində oğlan ifadə verib. Bildirib ki, qızımdan xəbəri yoxdur. Amma mənim qızım onun əli ilə gedib (ağlayır)”, - deyə ana deyib.
Ailə Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması ilə bağlı yayılan xəbərləri inkar edib:
“Biz ikimiz də fəhlə adamlarıq”.
Qeyd edək ki, Ə.Tağıyevanın əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, saçı qara və qısadır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.