"Valideyni 4 il həbs gözləyir..." - Komitədən 13 yaşında nişanlandırılan qızla bağlı AÇIQLAMA
16-05-2023, 17:59

Xəbər verdiyimiz kimi, Bakı şəhərində 13 yaşlı qızla 37 yaşlı kişinin nişan mərasimi baş tutub.

Yeniyetmənin verdiyi açıqlamaya görə, o, nişanlanmasına qarşı olduğunu bildirib.

Baş verənlərlə bağlı AZİNFORM.AZ-a açıqlama verən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanov sözügedən məsələ ilə bir neçə qurumun məşğul olduğunu deyib:

"13 yaşlı qızın nişanlandırılması ilə Komitə olaraq məşğuluq. Nişanlanan yeniyetmənin ailəsi ilə əlaqə saxlamasaq da, bu işlə məşğul olan müvafiq komissiya məlumatlandırılıb. Hazırda həmin ailənin ünvanı müəyyən edilib. Bizim əməkdaşlar ailəyə baş çəkəcəklər. Həmin yeniyetmənin təhsildən yayınma halı da var, bu işlə də məşğul olacağıq. Detallar öyrənildikdən sonra ətraflı məlumat veriləcək".

Komitə sözçüsü yeniyetmənin məcburi evləndirilməsi faktının təsdiqlənəcəyi təqdirdə valideynləri cəza gözlədiyini bildirib:

"Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya məlumatlanıdırılıb. Erkən yaşda uşağın evləndirilməsi zamanı məcburetmə varsa, o zaman bu hal hüquqi müstəviyə keçir. Belə vəziyyətdə valideyni 4 il həbs, eyni zamanda 4 min manat cərimə gözləyir. Erkən yaşda nişanlandırılan yeniyetmələri aidiyyatı komissiya nəzarətdə saxlayır". /sfera.az/





up