"Əslində, məsələ Aynurənin dediyi kimi deyil...." - Fəridin atası yeni DETALLARI AÇDI
4-05-2023, 22:54

Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körpənin atası Eyvaz Bakarovun Globalinfo.az-a müsahibə verib.

AZİNFORM.AZ həmin müsahibəni təqdim edir:

– Eyvaz bəy, oğlunuzun qətlində şübhəli bilinən məşqçi ilə qohum olduğunuz deyilirdi…

– Xeyr, mənim elə bir qohumum yoxdur. Heç keçmiş qayınatamla da qohum deyillər. Deyilənə görə, onların uzaq qohumları ilə keçmiş yoldaşımın uzaq qohumu evlidirlər. Ona qohum desək, o zaman belə çıxır ki, bütün Azərbaycan bir-birinə qohum sayılır.

– Keçmiş xanımınız müsahibələrin birində onlara dəstək olmadığınızı, uşaqları çətinliklə böyütdüyünü deyib. Siz övladlarınıza görə aliment ödəyirdinizmi?

– Gedib bunu orada yaşayanlardan da dəqiqləşdirə bilərsiniz. Hətta xanıma sual verin ki, evə kondisioneri kim və nə vaxt almışdı? O zaman hər şey aydın olacaq. Ayrıldıqdan sonra uşaqlara görə o evə gedib-gəlirdim. Amma ötən ilin avqust ayından o evə ayaq basmıram. Baş verənlərdən sonra o adamla üz-üzə gəlmək istəmədim.

– O evə getməməyinizin səbəbini bilmək olar?

– Getmirdim də…. (susur) Dilim gəlmir artıq nəsə deməyə. Nə də olmasa övladlarımın anasıdır. Amma o adam mən bir kənara, öz atasının başını aşağı etdi…. Amma kaş belə olmazdı. İstəməzdim ailəm dağılsın…

– Əgər xanımınızla bağlı belə bir söhbət var idisə, nə əcəb uşaqları məhkəmə yolu ilə anadan almadınız?

– Çox istərdim ki, bu qədər baş verənlərdən sonra övladlarımı alım. Amma anam rəhmətə gedib, özüm ikinci dəfə ailə qurmamışam və işləyirəm. Övladlarıma kim baxacaqdı evdə? Mən onları tək atıb gedə bilməzdim. İşim elə idi ki, gecə saat 11-12-də hətta 3-də bitirdi.

– Sirr deyilsə, harda çalışırsınız?

– Hazırda metaləritmə zavodunda çalışıram.

– Eyvaz bəy, alimenti vaxtında ödəyə bilirdiniz?

– Düzdür, gecikmə olurdu. Amma hər ay ödəyirdim. Elə vaxt olub ki, pulum az olub, ya nəsə problemim çıxıb deyə tam ödəməmişəm, hissə-hissə vermişəm. Sizcə, aliment ödəməsəm, mən azadlıqda olaram?! Keçmiş baldızım deyir ki, guya 7 ildir övladlarıma o baxır. Amma araşdıra da bilərsiniz ki, övladlarımın anası ilə boşanmağım heç 4 il deyil və dediyim kimi – aliment ödəyirəm.

– Sonuncu alimenti nə vaxt ödəmisiniz?

– Hər ay 300 manat ödəməliyəm. Aprelin 28-də 200 manat hesab kartına atdım, dedim qalanını da 2-3 günə verəcəm. Yazışmamız da, qəbz də hazır qalır. Aynurə mənə demişdi ki, ayın axırı uşaqları yarışa aparacaqlar, 60 manat pul lazımdır. Hər uşağa görə 30 manat. Dedim söz verirəm ki, çatdıracam pulu. Elə oldu ki, 200 manat göndərdim. O daha çox 60 manatı ödəmək üçün səbirsizlənirdi ki, uşaqdılar da, kənarda qalmasınlar. Dedi pulu ertədən göndər ki, məşqçiyə gecə vaxtı pul aparmayım, sonra deməsinlər ki, “boşanmış gəlin gecə onun evində nə gəzir”. Amma mən qalan pulu göndərə bilmədim, bəd xəbər gəldi… 300 manat da keçmiş xanımıma dəfndə verdim.

– Boşanmaya qədər keçmiş xanımınızla münasibətiniz necə idi?

– Çox yaxşı. Bizim mübahisəmiz ancaq yemək və uşağa bahalı oyuncaq almağımın üstündə olurdu. İşdən gəlirdim ki, yemədiyim yeməyi bişirib. Mən də əsəbləşirdim ki, axı hər ay yaxşı pul gətirirəm, bazarlıq edirik, niyə normal yemək hazırlamırsan?! Bir də uşaq hansı oyuncağı göstərsə, onu alırdım deyə, Aynurə də əsəbləşirdi ki, oyuncağa çox pul xərcləməyim. Başqa problemimiz olmayıb. İçki içməmişəm, siqaretdən başqa zərərli nəsə istifadə etməmişəm, etmirəm də.

– Sizə Fəridin ölümü ilə bağlı kim xəbər verdi?

– Mən oğlumun ölümünü çox gec bildim. Axşam saatlarında mənə durmadan zəng gəlirdi, telefonumda da 2-3 faiz enerji var idi deyə, cavab vermirdim. Həmin adam bir də zəng edəndə dəstəyi götürdüm. O mənə demədi Fəridin öldüyünü. Yoldaşım gildə nəsə baş verdiyini və onlara zəng etməyimi xahiş etdi. Ağlıma gəlməzdi ki, oğluma nəsə olar.

Dedim gedim evə zəng edərəm. Sonra həmin adam bir də zəng etdi ki, öyrən gör deyəsən, 90 yaşlı nənəsi rəhmətə gedib. Mən də zarafata “yox e, nənə bizi öldürməyincə ölən deyil” dedim, sonra da telefon söndü. Adam səhər bir də zəng edib təkid etdi. O zaman qəribə hisslər keçirdim və yoldaşımın bibisinə zəng etdim. Bibi mənə dedi ki, “Fərid ölüb”. Həmin an necə bir halda idim bir Allah bilir (ağlayır).

– Eyvaz bəy, məşqçi ilə bağlı hər hansı bir məlumatınız var idi?

– Xeyr, yoldaşım aparıb yazdırmışdı uşaqları. Amma maraqlı olan bilirsiniz nədir? Bir adam məşqçi ilə bağlı pis fikir demir. Elə gələn onun yaxşı adam olduğunu deyir. Əgər bu deyildiyi kimi, yaxşı adam idisə, niyə mənim balamı vəhşicəsinə qətlə yetirib? Səbəb nədir axı?! Fəriddən başqa orada digər uşağın da başından tutub qaldırır. Mən belə başa düşürəm ki, uşağımı daha əvvəl də döyüb ki, oğlum halsız görünür. Görüntüləri tam izləmək lazımdır.

– Bundan sonra hansı addımı atmağı düşünürsünüz?

– Mən bu işdə axıra kimi gedəcəyəm! Cənab prezidentdən də, birinci xanımdan da xahiş edirəm ki, mənim balamın qanı yerdə qalmasın, dəqiq araşdırılsın. Düzdür, istəməzdim hansısa uşağın başına belə bir iş gəlsin, amma niyə məhz mənim balama qarşı belə edib, bunu bilmək istəyirəm. Məktəb direktoru da məsuliyyətə cəlb olunmalıdır. Çünki oranı icarəyə verəndə, o müəllimin kimliyini araşdırmalı idi. Hər çempion elə yaxşı adam ya yaxşı məşqçi deməkdir bəyəm?! Belə çempionu olmaz olsun! O, adam deyil, manyakdır! Həbsdə çürüməlidir, vəssalam!

– Sosial şəbəkələrdə xanımınızın məşqçi ilə münasibəti olduğu bildirilir. Əgər deyilənlər doğru olarsa,neynəməyi düşünürsünüz?

– Mənə övladımdan başqa heç nə maraqlı deyil. Amma mənim oğlum bu münasibətin qurbanı olubsa, bunu belə qoymaram. Bu işdə səbəbkarı da həbs etdirərəm. Əgər belə bir şey olarsa, Ziyanı (böyük oğlu) məhkəmə yolu ilə alacam. Aynurə deyir ki, zəng etmək istəyəndə məşqçi ondan telefonu alıb. Axı məşqçi kimdir, nə dərəcə yaxınsınız ki, qatil sənin əlindən telefonu almağa cürət edir?!

Keçmiş xanımım yas saxlamaq əvəzinə, çıxıb haqqımda açıqlamalar verir ki, guya onlara baxmamışam. O, utanıram da deməyə… Başqa oğlanla qəzaya düşəndə, demişdi guya taksidə baş verib və sürücü ölüb. Övladlarıma görə, keçmişdə də olsa ailəm olduğuna görə, ona 300 və 500 manat pul göndərdim. Lakin qəza törədən oğlanın anası mənə zəng edəndən sonra hər şey aydın oldu ki, əslində, məsələ Aynurənin dediyi kimi deyil. Adam həya edib çox söz danışa bilmir sadəcə. Nə ona, nə mənə yaraşmır ki, balamız öldürülüb, biz isə bir-birimizi müzakirə edirik. Biz bir şeyi müzakirə etməliyik, o da oğlumuzun hansı səbəbdən öldürülməsi…

Ana ilə danışmağa çalışsaq da, Aynurə xanım zənglərə cavab vermədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 





up