CİNAYƏT İŞİ
Qısa arayış...
2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov, ondan şikayət etməyə gələn həyat yoldaşı Xanım Məmmədovaya inzibati binada, azyaşlı uşaqlarının gözləri qarşısında tabel silahından ardıcıl 15 dəfə atəş açaraq, onu öldürüb.
Hadisə yerinə baxış zamanı döşəmə üzərindən 15 ədəd giliz, 12 ədəd güllə, masada atəş nəticəsində zədələnən bir ədəd noutbuk, Xanım Məmmədovaya məxsus əl çantası, qan ləkələrindən nümunələr və müşahidə kameralarının görüntüləri maddi subut kimi götürülüb.
Görüntülərə baxış keçirilərkən müəyyən edilib ki, İsmayıl Məmmədov sentyabrın 30-u saat 8:28-də şöbənin inzibati binasına gəlib. 8:48-də təhqiqatçı Füzuli Qurbanovun xidməti otağına daxil olaraq, arvadı Xanım Məmmədovaya odlu silahdan atəşlər açıb. Saat 8:49-da Füzuli Qurbanov tərəfindən əlində tapança ilə dəhlizə çıxarılaraq, tərk-silah olunub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İsmayıl Məmmədov 1988-ci ildə Xocalı şəhərində anadan olub.
AZİNFORM.AZ bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u saat 13 radələrində İsmayıl Məmmədov həyat yoldaşı Xanım Məmmədova ilə telefonla danışarkən, evdən çıxarkən geyindiyi paltarlara diqqət yetirməsini bildirərək, onunla mübahisə edib. Nahar fasiləsində yaşadığı mənzilə gələn İsmayıl Məmmədov qısqanclıq zəmnində arvadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Həmin gün saat 19:25-də Xanım Məmmədova bibisi Gülxanım Yolçuyevaya məxsus mobil telefon nömrəsindən DİN 102 xidmətinə zəng edib, əri tərəfindən fiziki şiddətə məruz qalması haqda məlumat verib.
Ayın 30-da İsmayıl Məmmədov Qara Qarayev prospektində xidmətdə olarkən, Nizami RPİ 24-cü PŞ Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanov bir gün əvvəl daxil olan şikayətlə bağlı izahatının alınması və təhqiqat materialının toplanması məqsədilə qadını şöbəyə dəvət edib. Xanım Məmmədovanın azyaşlı övladları və bibisi ilə birlikdə şöbəyə dəvət olunduğunu öyrənən İsmayıl Məmmədov saat 8:40-da inzibatı binanın 1-ci mərtəbəsində yerləşən növbətçi hissənin qarşısından keçməklə, təhqiqatçının xidməti otağına yaxınlaşıb. Füzuli Qurbanov polis əməkdaşı olduğu üçün araşdırmanın aidiyyatı üzrə prokurorluqda davam etdiriləcəyini bildirərkən o, yalnız uşaqlarını görüb gedəcəyini deyərək, otağa daxil olub. İcazəsi olmadan polisə gəlməsindən hiddətlənən İsmayıl Məmmədov arvadını cəzalandırmaq qərarına gəlib. Ona təhkim edilmiş "Zəfər" markalı tabel silahını çıxardaraq, atəşə hazır vəziyyətə gətirib. Özündən solda, divanda əyləşən uşaqları və Gülxanım Yolçuyevanın, sağda masa arxasında olan Füzuli Qurbanovun gözləri qarşısında, nişan alıb, 15 dəfə atəş açaraq Xanım Məmmədovanı öldürüb.
İş üzrə dindirilmiş İsmayıl Məmmədov bildirib ki, Xanım Məmmədova ilə 2012-ci ildə Bakı Dövlət Universitetində tanış olub. 2014-cü ildə evləniblər, nikahdan 2015 və 2017-cidə iki övladları dünyaya gəlib:
"Arvadım heç yerdə işləməyib. Hər bir ailədə olduğu kimi ara-sıra ailədaxili məsələlərlə bağlı mübahisələrimiz olub. Oğlumun Nizami rayonunda təhsil aldığı 220 saylı məktəb xidməti ərazim olduğundan, demək olar ki, hamı məni tanıyırdı. Övladımın sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış "WhatsApp" qrupuna qoşulmağı yoldaşıma qadağan etmişdim. Həmin qrupa öz mobil nömrəmi daxil edib, valideynlərin qarşılıqlı danışıqlarını izləyirdim. Axşam işdən evə gələndə qrupda olan danışıqlar barədə arvadıma məlumat verirdim. Hadisədən bir həftə əvvəl, evə qayıdanda söhbət zamanı Xanım, məktəbə gedəndə idman dəstini geyindiyini dedi.
Bunu eşidib bir daha həmin dəsti məktəbə geyinməməsini tapşırdım. Sentyabrın 29-da gönorta arvadım zəng edərək, uşağı məktəbdən götürüb evə gəlməsi barədə məlumat verdi. Əyninə hansı paltarları geyinməsini soruşduqda Xanım yenə idman dəstini geyindiyini bildirdi. Bununla bağlı ciddi tapşırıq verdiyimi deyib arvadıma iradımı bildirdim. Bundan bir neçə dəqiqə sonra "Whatsapp"dakı qrupda hansısa valideynin yoldaşıma yazdığı sözdən əsəbləşərək, arvadıma zəng etdim və ona "mən bilmirəm, sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağını məktəbə aparıb-gətirirsən?" bildirdim. Xanım da əsəbi halda mənə "belədirsə "WhatsApp" qrupunu sil" deyə cavab verdi. Telefon danışığı zamanı yaranmış incikliyi qaydasına qoymaq və Xanımla barışmaq məqsədilə evə gəldim. Lakin evdə aramızdakı söhbət aqressiv şəkildə davam etdi. Arvadım mənə qrupda nömrə istəyən valideyni tanımadığını bildirəndə, üzünə şillə vurdum.
Yoldaşım qışqırıb, artıq hər şeydən bezdiyini deyəndə, ona yumruq və təpiklə zərbələr endirməyə başladım. Daha sonra isə yoldaşımın bibisi Gülərə zəng edə bilməməsi üçün mobil telefonunu əlindən alaraq, nömrəsini çıxarıb sındırdım".
Arvadını döyən zaman azyaşlı uşaqları digər otaqda olublar. Bundan sonra mənzildən çıxıb və işə qayıdıb. Saat yarımdan sonra, əvvəlki kimi Xanımın uşaqları götürüb, bibisigilə gedəcəyini düşündüyündən, yenidən evə gəlib:
"Qapının açıq olduğunu, arvadımla övladlarımın evdə olmadıqlarını gördüm. Yaranmış narazılığı qaydasına qoymaqdan ötrü qayınatama zəng edərək, arvadımla mübahisə etdiyimi və onun uşaqları götürüb evdən getdiyini dedim. Qayınatam hazırda Şəki rayonunda olduğunu və qızının harda olmasını bilmədiyini söylədi. Saat 19 radələrində qayınanamla danışanda, o, qızının mənim barəmdə 102 xidmətinə şikayət etdiyini bildirdi. Qayınanamın dediklərinə inanmadım, məni qorxutmaq məqsədilə bu sözləri söylədiyini düşündüm. Xanımın bibisigildə olmasını bilsəm də, Gülərin evinə getmədim.
Sentyabrın 30-u hər gün olduğu kimi səhər saat 6:15-də evdən çıxdım. Əvvəl Nizami RPİ-nə gələrək, xidmətə çıxmağıma dair jurnalda qeydiyyat apardım, sonra isə növbətçi hissədən silahımı, içərisində 15 ədəd patron olan 2 ədəd darağı təhvil aldım. Sıra baxışında iştirak etdikdən sonra, saat 7:00-də iş yoldaşım Emin Qurbanovla patrul avtomobili ilə ərazidə xidmətə başladım. Xidmətdə olarkən saat 8:30-da 24-cü şöbənin təhqiqatçısı Füzuli Qurbanov zəng edərək, məni şöbəyə dəvət etdi. Səbəbini soruşanda Füzuli mənə heç nə demədi. Qayınanamın bir gün əvvəl Xanımın 102 xidmətinə zəng etməsindən başa düşdüm ki, arvadım artıq barəmdə ərizə yazıb. Ailəmdə baş vermiş məsələ ilə bağlı iş yoldaşım Emin Qurbanova heç nə demədən, yalandan guya 24-cü şöbədə işim olduğunu bildirib məni ora aparmasını xahiş etdim.
Binaya daxil olan kimi təhqiqatçı məni növbətçi hissənin qarşısında qarşıladı və irad olaraq, arvadımı döyməyin mənə yaraşmadığını bildirdi. Şöbə rəisi tərəfindən qəbul olunacağını bildirdi. 2009-cu ildən Nizami rayonunda işlədiyimdən, şəxsi heyət tərəfindən tanındığımdan, arvadımın barəmdə şikayət etməsini, eləcə də şöbədə izahat verməyini özümə utancverici bir hal kimi qəbul etdim. Füzuli Qurbanovla birlikdə qəbulda olanda, şöbə rəisi Seymur Qarayev də mənə iradını bildirdi. Bu hərəkətimə görə rəisdən üzr istədim. Füzuli Qurbanovun yanında arvadımdan üzr istəyərək, barışıq əldə edəcəyimi və məsələnin böyüməyəcəyini düşündüm. Lakin Xanım Məmmədova şöbə rəisinin xidməti otağına daxil olan kimi, rəis mənə bayırda gözləməsini tapşırdı. 3-4 dəqiqədən sonra arvadım təhqiqatçı ilə birlikdə rəisin otağından çıxdı. Arvadımdan məni dinləməsini xahiş edəndə, Xanım mənə "artıq gecdir, get işinlə məşğul ol", deyə cavab verdi və Füzuli Qurbanovun xidməti otağına girdi. Təxminən bir dəqiqə dəhlizdə dayandım. Yoldaşımın mənə qarşı aqressiv olmasına və bir daha uşaqlarla evə qayıtmayacağına tam əmin oldum. Övladlarımla görüşmək və arvadımdan üzr istəmək məqsədilə təhqiqatçının otağına daxil oldum. Füzuli Qurbanovun vərəqdə nəsə yazdığını, qarşısında ondan sol tərəfdə Xanımın, bibisi Gülərin və sağ tərəfdə, kresloda övladlarımın oturduqlarını gördüm. "Niyə belə etdiyini?" soruşanda, arvadım heç nə eləmədiyini dedi. Əsəbiləşərək, sağ əlimlə kaburadan tapançanı çıxarıb ardıcıl atəşlər açmağa başladım. Atəşlərdən sonra Xanım yarı əyilmiş, başı masanın üzərində, hərəkətsiz vəziyyətdə qaldı. Ani olaraq Füzuli Qurbanov əlimdən silahı alıb məni dəhlizə çıxardı. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əliyev ifadəsində göstərib ki, İsmayıl Xanımla ailə qurduqdan 1-2 il sonra, əsaslı səbəb olmadan onu döyməyə başlayıb:
"Xanımın sözlərindən mənə məlum olub ki, əri Xanımın telefon zənginə gec cavab verməsinə, günorta saatlarında eyvanda paltar asması kimi cüzi səbəbləri bəhanə gətirərək, mübahisə edirmiş. Hətta bir neçə dəfə yoldaşını polis dəyənəyi ilə də döyüb. Dəfələrlə valideynləri ilə birlikdə görüşüb, İsmayıla arvadını əsassız yerə döyməsi ilə bağlı iradlarını bildirdikdə, o, başını aşağı salıb, cavab verməyib. Xanıma belə hallar təkrarlandığı halda polisə məlumat verməsini məsləhət görsək də, bacım ailəsinin dağılacağından qorxurdu. Məhz bu səbəbdən heç vaxt İsmayılın bu əməlləri ilə bağlı polisə müraciət etmədik. İsmayıl Xanımın evdən bayıra çıxmasına da məhdudiyyətlər qoyub. Ailədə narazılıqlar əsasən oğlu məktəbə gedəndən sonra başlayıb. Son vaxtlar telefon işlətməyə belə qoymayıb. Sentyabrın 30-u saat 9 radələrində Qax rayonunda olanda, bibim Gülər Yolçuyeva mənə zəng edərək Xanım və uşaqları ilə birlikdə 102 xidmətinə verilmiş məlumat əsasında 24-cü polis şöbəsinə getdiyini, təhqiqatçının xidməti otağında olarkən İsmayılın arvadını vurduğunu xəbər verdi. Sonra telefon əlaqəsi kəsildi. Bibim polis əməkdaşı bacımın ağır yaralandığını və dərhal özümü çatdırmağımı bildirdi. Dərhal Bakıya gəlmək üçün yola çıxdım. Artıq yolda olarkən İsmayılın odlu silahdan atəşlər açaraq Xanımı öldürməsini öyrəndim. Bacımın meyitini Patoloji Anotomiya şöbəsindən təhvil alaraq, kəndə qayıtdım. Təqsirləndirilən şəxsin ailəsi və yaxın qohumları dəfndə iştirak etmədilər".
Asif Əliyev əlavə edib ki, sentyabrın 29-da Xanımın əri tərəfindən döyülməsi ilə bağlı bibisiqızına göndərdiyi səsli ismarıcını, həmçinin bədənindəki xəsarətlərin fotoşəkillərini könüllü istintaqa təqdim edib. İsmayıl çox qısqanc olub, 10 dəqiqədən bir zəng edib Xanımdam harda olduğunu və nə geyindiyini soruşub. Bacısının övladları hazırda rayonda, valideynlərinin himayəsindədirlər.
Şahid qismində dindirilmiş 24-cü polis şöbəsinin təhqiqatçısı Füzuli Qurbanov ifadəsində göstərib ki, Xanım Məmmədovanın sentyabrın 29-da yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 70, mənzil 56- da əri İsmayıl Məmmədov tərəfindən döyülməsi faktı ilə bağlı, saat 19:25-də 102 xidmətinə verdiyi məlumat, eləcə də həmin məlumat əsasında Nizami RPİ 24-cü PŞ-də toplanmış material cinayət işinə əlavə edilib:
"Daxil olmuş məlumatın doğruluğunun yoxlanılması məqsədilə mən, sahə inspektoru və əməliyyat müvəkkili ilə birlikdə həmin ünvana yollandıq. Xanım Məmmədova yaşadığı mənzildə olmadığından baş vermiş hadisə ilə bağlı izahatının alınması mümkün olmadı. Buna dair akt tərtib etdim. Xanım Məmmədova ilə telefonla əlaqə saxladıqda, o, Biləcəri qəsəbəsində bibisigildə olduğunu və səhər saat 8 radələrində şöbəyə, yanıma gələcəyini bildirdi. Ayın 30-da növbətçi hissədən mənə qadının gəlməsi barədə məlumat verildi. Xanım Məmmədova azyaşlı övladları və bibisi ilə birlikdə gəlmişdi. Qadın əvvəl şifahi qaydada başına gələnləri mənə danışaraq, mütəmadi səbəbsiz qısqanclıq zəmnində əri tərəfindən döyüldüyünü bildirdi. Bundan sonra, ekspert müayinəsindən keçməsindən ötrü qadına qərar təqdim etdim.
Sonra İsmayıl Məmmədovun nömrəsinə zəng edərək, izahatının alınmasından ötrü onu şöbəyə çağırdım. Xanım Məmmədova yoldaşının polis əməkdaşı olması, eləcədə Nizami RPİ-də xidmət aparması ilə bağlı mənə məlumat vermədi. İsmayılın polis əməkdaşı olmasını bilən kimi, materialın aidiyyəti üzrə göndərilməsi məsələsinin həlli ilə bağlı daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə etdim. İsmayıl Məmmədov gələndən sonra şöbənin rəisi Seymur Qarayev onu qəbul edərək, arvadını döyməsi ilə bağlı ona iradını bildirdi. Sonra rəis Xanım Məmmədovanı dinlədi və qadına ərinin qanun qarşısında cavab verəcəyini dedi. Sonra mənə materialın, aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməsini tapşırıb. Rəisin otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq, barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etdi. Lakin qadın artıq hər şeyin gec olduğunu dedi. Bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırdım. Otağa daxil olandan bir neçə saniyə sonra İsmayıl içəri girib uşaqları ilə görüşmək istədiyini söylədi. Atəş səslərini eşidib başımı qaldırdım və İsmayılın sağ əlində saxladığı tapançadan arvadına atəşlər açdığını gördüm. Dərhal oturduğum masanın arxasından çıxıb sağ əlimlə İsmayılın biləyindən, sol əlimlə isə boynundan tutdum. Geri çəkib onu otaqdan dəhlizə çıxardım. İsmayılın sağ biləyindən tutub silahın istiqamətini dəyişən zaman o, hələ də atəşlər açmaqda davam edirdi. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə İsmayıl Məmmədov növbətçi hissədə saxlanıldı və baş vermiş hadisə ilə bağlı rayon prokurorluğuna məlumat verildi. Otağa qayıdıb hərəkətsiz vəziyyətdə döşəmədə, üzüüstdə uzanmış Xanım Məmmədovanı çevirdim və ağzından qan gəldiyini gördüm. Şöbə əməkdaşlarının köməkliyi ilə qadını xidməti avtomobillərin biri ilə xəstəxanaya göndərdik. Sonra mənə məlumat verdilər ki, qadın yolda dünyasını dəyişib".
Məhkəmə iclasında İsmayıl Məmmədov özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, İsmayıl Məmmədovun əməlləri Cinayət Məcəlləsinin 120.2.3-cü (ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.