Narkoman sürücülər artır: "Yeyirlər, içirlər, həyətdən götürüb xəttə çıxırlar"
9-03-2023, 16:54

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti reysqabağı yoxlanılır və sürücülər tibbi müayinədən keçirilir.

Lakin çox zaman tibbi müayinədən yayınma halı olduğundan, bu kimi xoşagəlməz hadisələr yaranır. Baş verən qəza hadisələrini də bilavasitə bununla bağlıdır.

O zaman sual yaranır ki, narkotik vasitə istifadəçisi olan və ya spirtli içki qəbul edən sürücülərin sərnişindaşımada iştirakına niyə icazə verilir?

Cebhe.info-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, çox zaman avtobusları qaraja aparmayan sürücülər tibbi müayinədən yayınır:

"Qanunvericilik aktlarında da təsbit olunur ki, ictimai nəqliyyatı idarə edənlər işə başlamazdan əvvəl tibbi müayinədən keçməlidirlər. Qaydalara əməl etməyənlər isə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnməlidir.

Qanunvericiliyə əsasən, sərnişindaşıma ilə bağlı qaydalar vahid formada təyin edilir, heç kim fərdi yanaşma nümayiş etdirə bilməz. Hər bir daşıyıcı şirkətin qarajı olmalıdır. Orada avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçirilməlidir. Buna reysqabağı tibbi və texniki müayinə deyilir.

Bu proseslər həyata keçirildikdən sonra avtobus normal vəziyyətdədirsə, sürücü sərxoş deyilsə, o zaman onun işə başlamasına şərait yaradılır. Bu, Nazirlər Kabinetinin 73 saylı qərarı və sərnişindaşıma ilə bağlı 141 saylı qərarla tənzimlənir. Ona görə sərnişindaşımada sistemin təkmilləşdirilməsinə çox ehtiyac var. Bu gün mikroavtobusların sayı azdır. Olanların əksəriyyəti turizm fəaliyyəti, yaxud da qanunsuz sərnişin daşıma ilə məşğul olurlar. Belə olan halda əsas diqqət sərnişindaşımadan yayınır. Bütün bunlar normal hal deyil.

Qaydalar çərçivəsində bu məsələlər öz həllini tapmalıdır. Tələblər qoyulmalıdır ki, avtobus xidmətdən sonra qaraja keçsin, gedib kiminsə həyətində saxlanılmasın. Təəssüflər olsun ki, bizdə hələ də avtobuslar həm Bakıda, həm rayonda qaraja getmir. Yeyirlər, içirlər, həyətdən götürüb xəttə çıxırlar. Nəticədə də bu mənzərə yaranır".





up