Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə qarşı dələduzluq etməkdə mühakimə olunan 15 saylı Vəkil Bürosunun vəkili, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərovun ittihamı açıqlanıb.
AZİNFORM.AZ-ın xəbərinə görə, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şixəliyevdən onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib.
Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320.000 (500 min manat) ABŞ dolları alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə onun yenidən həmin pul vəsaitini almaq üçün Elgünün etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini geri qaytarıb.
Daha sonra Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün Şixəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300.000 ABŞ dollar məbləğində pul vəsaiti müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şixəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 510.000 manat ekvivalentinə bərabər 300.000 ABŞ dollar məbləğində pul vəsaitini alıb.
Qeyd edək ki, Elçin Qəmbərovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.
Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.