Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlakını qanunsuz yolla ələ keçirməkdə təqsirləndirilən Elvin Əliyev qohumu Ənvər Əkbərovun cinayət işi icraata verilib.
AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, iş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaqla müəyyən olunub ki, 2021-ci ilin dekabrın 29-dan bu ilin iyulun 22-dək Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim etməklə birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olub Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıb.
Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.