Türkiyənin Bursa şəhərində tükürpədici hadisə baş verib.
AZİNFORM.AZ türk mətbuatına istinadən xəbər verir ki, Hanan Ramadan və həyat yoldaşı Rayyan El İsa 2-10 yaşlarında olan 4 övladına işgəncə verdikləri üçün saxlanılıblar.
Ailənin yaxını tərəfindən qeydə alınan kadrlardan göründüyü kimi, Hanan Ramadan, qışqırığı eşidilməsin deyə, oğlunun ağzını yapışqan lentlə bağlayır, daha sonra bədəninin müxtəlif yerlərini alışqanla yandırır, yumruqlayır və pol ağacıyla döyür.
Mütəmadi olaraq evdən qışqırıq səsləri eşidən qonşular və ailəyə yaxın olan adamlar bir müddət ailəni izlədikdən sonra polisə şikayət ediblər.
Araşdırma nəticəsində Hanan Ramadan və Rayyan El İsanın övladları R.İ. (10 yaş), A.İ. (6 yaş), A.İ. (5 yaş) və R.İ.-yə (2 yaş) işgəncə verdikləri təsbit olunub.
İstintaq zamanı ana günahı uşaqların atasının boynuna ataraq, "O istədiyi üçün uşaqlarımızı döydüm" deyib, Rayyan El İsa isə bunun müqabilində "Mənim hadisədən xəbərim yoxdur" cavabını verib.
İşgəncə görmüş uşaqlar Sosial Xidmətlər İdarəsinin himayəsinə verilib. /big.az/