Keçmiş məhkəmə sədrini güllələyən biznesmenin cəzası artırılıb
11-05-2022, 12:30


Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərovu qətlə yetirən iş adamı Əli Şəmiyevin cəzası ağırlaşdırılıb.

AZİNFORM.AZ APA-ya istinadla xəbər verir ki, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Əli Şəmiyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Daha sonra apellyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayət verib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror bildirib ki, məhkumun əməlində ağırlaşdırcı hallar olduğuna görə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiqi mümkün deyil. Buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi Əli Şamiyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Ali məhkəmə dövlət ittihamçısının şikayətinin əsaslı olduğu qənaətinə gələrək Əli Şəmiyev barəsindəki qərarın tamamilə ləğv olunduğunu elan edib.

Cinayət işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəmsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəmsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən iclasda Əli Şəmiyevin cəzası 1 il artırılıb. Yekun qərarla məhkum Əli Şəmiyev 11 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2019-cu ildə Tovuz rayonunun Yanıqlı kəndində baş verib.

Aralarında yaranmış mübahisə nəticəsində məhkum mərhumun hüquq məsləhətxanasına gələrək qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə onu qətlə yetirib.

Firudin Ələkbərov Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.






DİGƏR XƏBƏRLƏR
up