Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini balta ilə qətlə yetirən 1985-ci il təvəllüdlü Aynur Abdullayevaya hökm oxunub.
AZİNFORM.AZ xəbər verir ki, hadisə bu il yanvarın 3-də Ağstafa rayonunda qeydə alınıb. Məlum olub ki, Elvin Aynurla 2006-cı ildə ailə qurub və onların evliliyindən iki qız övladları dünyaya gəlib.
Elvin Qazax Yanğından Mühafizə İdarəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsi ilə xidmət edib. Atası Mübariz Abdullayev isə Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru vəzifəsində işləyib. Elvin spirtli içki aludəçisi olub və bu səbəbdən atası onu evindən qovub. Beləcə o, Aynurun ata evində yaşamağa başlayıb. Elvinin qızları da atalarının içki aludəçisi olması səbəbindən ondan uzaq durmağa çalışıblar. Aynur bir neçə dəfə ərindən boşanmaq istəsə də, Elvin buna icazə verməyib və onu öldürməklə hədələyib.
Hadisə günü Elvin yenə içkili olub və evdə münaqişə yaradıb. O, əsəbi halda "bu gecə yatmaq yoxdur. Nə qədər oturacam, siz də mənimlə oturacaqsız" deyib və Aynura "get baltanı gətir, sizin hamınızı doğrayacam, belə həyatdansa, gedib türmədə yaşayaram" deyib. Aynur Elvinin bu sözlərindən qorxduğu üçün baltanı anasına otağında gizlədib. Yatmağa getdikdə Elvin Aynurdan yarımçıq qalan arağı gətirməsini istəyib.
Aynur məhkəməyə verdiyi ifadəsində bildirib ki, o, arağı gətirmək istəməyəndə Elvin onu sillə ilə vurub:
"İçdikdən təxminən bir saat sonra ayağa durub "sizə demişdim ki, bu gecə bu evdən heç kim sağ çıxmayacaq?" deyə qışqırmağa başladı. Sonra səndələyib yatağa yıxıldı. Tez anamın otağına gedib baltanı götürdüm. Baltanı hər iki əlimlə tutub Elvinin boynunun arxa hissəsindən vurdum. Zərbədən xırıldamağa başladı. Sonra iki dəfə başının sol hissəsindən vurmağa davam etdim. Zərbələrdən hərəkətsiz qalıb xırıldamağa başladı. Həyəcandan təxminən 20 dəqiqə yerə çökmüş vəziyyətdə dayandım."
Növbəti gün anasıgil Elvini soruşduqda Aynur onun durub təzədən yatdığını deyib. Cəsəd qoxumağa başladıqda isə artıq əməlini etiraf etməyə məcbur olub:
"Gün ərzində bir neçə dəfə tərpəniş olub olmadığını yoxladım. 4 yanvar günü otağı yoxlayanda pis qoxu gəldiyini hiss elədim, artıq gizlətməyin mənası yox idi. Olanları ata-anama danışdım. Atamla polisə gedib təslim oldum."
Məhkəmədə Elvin Abdullayevin atası Mübariz Abdullayev ifadəsində bildirib ki, Elvinin öldüyünü bildikdən sonra Aynurun ailəsi zəng edərək onlara gəlməyini istəyib:
"Elvinin axşam içkinin təsirindən öldüyünü düşündüyüm üçün meyidin harada olduğunu soruşdum. Aynur isə " o, içkidən ölməyib, mən onu balta ilə öldürmüşəm" dedi. Yenə də baxmaq istəyəndə mənə və yoldaşıma "mən onun başını ayırmışam", deyə davam etdi".
Məhkəmənin hökmünə əsasən Aynur Abudullayeva 14 il müddətinə azadlıqdan məhrum edilib.