Rəşad Dağlının qətl törətməsinin səbəbi və HADİSƏNİN TƏFƏRRÜATI MƏLUM OLUB
11-11-2022, 15:45

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.

Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni, şantaj edib.

Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvanın qarşısına gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.

Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.

İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.

Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.

Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib. 

Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /report/





up