Oğulu oğurlayıb atasından 30 min dollar alan dəstə üzvlərinə cəza istənilib
24-10-2022, 17:30

Bakıda adam oğurluğunda ittiham olunan dəstə üzvləri – Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil Qədimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AZİNFORM.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramovun hər birinin 13 il, Kamil Qədimovun isə 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Proses noyabrın 5-də davam etdiriləcək.

İttihama görə, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə paytaxt sakini Mikayıl Mikayılovu oğurlayaraq, Sabunçu rayonunda yerləşən evdə girov saxlayıblar. Daha sonra Mikayıl Mikayılovun buraxılması üçün atası Elçin Mikayılovdan 30 min dollar tələb ediblər. Həmin pulu aldıqdan sonra isə girovu sərbəst buraxıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Mikayıl Mikayılov girovluqda olan zaman onun üzərində olan 350 manatı da götürüblər.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı dəstə üzvləri həbs olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144(adam oğurluğu), 178.2.1(qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 228 (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham verilib.





up