Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZİNFORM.AZ-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 15-də saat 12:00-da Xidmətin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfərin şübhəli hərəkətləri müşahidə olunub və sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.
Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılan ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Saxlanılan şəxsin Ucar rayon sakini, 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib, üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülüb.
Bundan başqa, oktyabr ayının 16-da saat 18:00-da DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən göy rəngli "VAZ-2106" markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Neftçala rayon sakinləri - 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə Azərbaycanın Baş Prokurorluğu və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.