Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə sabiq səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev evində cümə namazı təşkil edərkən saxlanılıb.
Azinform.az-ın məlumatına görə, onun saxlanılmasına səbəb yaşadığı evdə qanunsuz şəkildə tanışları ilə birgə yığışmaqla namaz qılaraq, dini mərasimlərin təşkil etməsi olub. Məlum olub ki, Elnur Əfəndiyev dini mərasimlərin təşkili və həyata keçirilməsinin qanunla müəyən edilmiş qaydalarını pozub.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Elnur Əfəndiyev bildirib ki, 23 il imam olaraq işləyib:
"Geniş dini-ictimai fəaliyyətim var. 2016-cı ildə Quba rayon icra başçısı tərəfindən fəxri fərmanla təltif olunmuşam. Ətrafımda radikal-dini heç bir şəxs olmayıb. Yaşadığım evdə tanışlarım və qohumlarımla birlikdə cümə namazı qılmışıq, qanunsuz heç bir dini mərasim təşkil etməmşik. Həmin şəxsləri evimə dəvət etməmişəm, onlar məni ziyarət etməyə, əhvalını soruşmağa, xeyir-duamı almağa gəlmişdi. Həmin vaxt namaz saatı olduğundan birlikdə namaz qılmaq qərarına gəldik. Onlarla hər hansı bir dinin yayılması və ya təbliği ilə bağlı heç bir söhbət aparmamışam. Həmin şəxslər evdə olan zaman heç bir ictimai asayiş qaydası pozulmayıb".
Elnur Əfəndiyev barəsində tərtib olunan protokolla bağlı özünü təqsirli bilmədiyini deyib və işə xitam verilməsini xahiş edib.
Polisin keçirdiyi əməliyyatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Bölgəsi üzrə Şöbəsinin nümayəndəsi də iştirak edib. O, da izahatında bildirib ki, 2013-cü ildən sonra çap edilmiş bəzi dini kitablardan nümunələr götürülüb və polis şöbəsinə aparılıb. Həmin kitab nümunələri polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza şöbəsinə göndəriləcək. Sabiq imamın və digər şəxslərin birlikdə toplanaraq ibadət etmələri Qanunun 6-1.1-ci maddəsinin tələblərinə uyğun olmayıb.
Oktyabrın 10-da keçirilən prosesdə Quba rayon Məhkəməsi Elnur Əfəndiyev və digərlərini İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və hər birini 1500 manat məbləğində cərimə edib.
Xatırladaq ki, bir neçə il əvvəl sosial şəbəkələrdə Qubanın imamı Elnur Əfəndiyevin bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılmışdı. Bundan sonra Elnur Əfəndiyev imam vəzifəsindən kənarlaşdırılmışdı. /qaynarinfo.az/
Facebook
Вконтакте
Одноклассники
Google+