XİN bəyanat yaydı
30-08-2022, 18:31

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın onuncu - on ikinci dövri hesabatlarına dair İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin yekun müşahidələri ilə bağlı bəyanat yayıb.

AZİNFORM.AZ--ın xəbərinə görə, bəyanatda deyilir:

"Azərbaycan Respublikası Hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya (CERD) üzrə Komitənin bu yaxınlarda keçirilən sessiyasında iştirak etməkdən və Konvensiyaya uyğun olaraq onuncu - on ikinci dövri hesabatlarını Komitəyə təqdim etməkdən məmnunluq duyur. Azərbaycan çoxsaylı müxtəlif etnik, mədəni və dini qruplardan ibarət bir ölkə kimi onunla eyni multikultural dəyərləri təşviq edən CERD çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam sadiqdir.

Komitənin Azərbaycanın hesabatları ilə bağlı son yekun müşahidələrində qeyd edildiyi kimi, Azərbaycan CERD-in irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı məqsədinə çatmaq üçün müsbət addımlar atıb. Məsələn, 2017-ci ildən Azərbaycanda qaçqınların və vətəndaşlığı olmayan şəxslərin, eləcə də hər irqdən, etnik mənsubiyyətdən olan uşaqların hüquqlarını təmin etmək üçün Azərbaycan bir sıra hüquqi və siyasi tədbirlər həyata keçirib. 2018-ci ildə Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib və onun məqsədi tərəfdaş ölkələrlə təlimlər və mübadilələrin həyata keçirilməsi də daxil olmaqla, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətini artırmaqdır. Azərbaycan, həmçinin Komitənin bəzi tövsiyələrini özündə əks etdirən “İrqi ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul etməklə, ayrı-seçkiliyə qarşı öz daxili qanunvericiliyini daha da gücləndirməyə çalışır.

CERD Komitəsi həmçinin Azərbaycanın irqi ədavətin qızışdırılmasına qarşı mövcud qanunlarını gücləndirmək üçün atdığı addımları, xüsusilə də Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikləri vurğulayıb. CERD Komitəsi xüsusilə qeyd edib ki, bu düzəlişlər etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə daha sərt cəzalar tətbiq edir və zorakılıq və dini ekstremizmi təbliğ edən bu cür amillərin və məlumatların İnternet və Sosial Mediada yayılmasını qadağan edir.

Azərbaycan həmçinin CERD-in pozuntularına görə məsuliyyətin 

təmin edilməsi, o cümlədən mümkün pozuntularla bağlı cinayət təhqiqatının başlanması və bunun üçün kifayət qədər əsas olduqda ehtimal olunan təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün birgə səy göstərmişdir. Bundan əlavə, Azərbaycan CERD tərəfindən qorunan əsas dəyərlərə sadiqdir və hər hansı milli və ya etnik qrupa qarşı nifrət və ya zorakılığı təşviq edən bəyanat və ya hərəkətləri qəbul etmir.

Azərbaycan etnik, dini və ya mənsubiyyətindən asılı olmayaraq, müvafiq qanunlar və Konstitusiya ilə müəyyən edildiyi kimi ayrı-seçkiliyə yol verilmədən, o cümlədən azad edilmiş ərazilərdə mədəni, dini və tarixi irsin qorunmasında beynəlxalq standartlara riayət etməklə, mədəni irsin qorunmasına sadiqdir.

Azərbaycanın Komitəyə tövsiyə etdiyi kimi, Azərbaycan irs obyektlərinə girişlə bağlı yeni təhlükəsizlik tədbirləri həyata keçirib, obyektlərin vəziyyətinə mütəmadi olaraq nəzarət edir və tikinti briqadalarına yenidənqurma işləri zamanı ərazilərə ziyan vurma riskini minimuma endirmək üçün proseduralar barədə təlimatlar verib. Azərbaycan, bu yerlərin mühafizəsi üçün göstərdiyi səylərinin YUNESKO-nun texniki missiyası tərəfindən müstəqil nəzarətin təşkil edilməsinin önəmliliyi ilə Komitənin razılaşdığını görməkdən xüsusilə məmnun qalıb. Azərbaycan 2005-ci ildən əvvəl açıq şəkildə belə bir missiyaya çağırış edib və missiyanın mümkün qədər tez həyata keçirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Azərbaycan, 2022-ci ilin may ayında çoxsaylı konfessiyaların dini obyektlərinin qorunması üzrə səyləri yüksək qiymətləndirən İSESKO-nun oxşar missiyalarını alqışlayıb.

Yüz minlərlə məcburi köçkünün işğaldan azad edilmiş ərazilərə qayıtmasını həyata keçirməklə Azərbaycan işğaldan əvvəl regionda məskunlaşmış çoxmillətli və müxtəlif icmaların yenidən formalaşmasına da sadiqdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin aprelində səsləndirdiyi - “Azərbaycan və burada yaşayan bütün etnik qruplar, o cümlədən ermənilər sülh və ləyaqət içində yaşayırlar” - bəyanatı ilə ən yüksək səviyyədə təsdiq olunduğu kimi, Azərbaycan etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün açıqdır. Dövlət 

başçısı bəyanatında təsdiq etdi ki, “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi... Azərbaycan dövləti tərəfindən təmin olunacaq”.

Azərbaycan CERD Komitəsi ilə konstruktiv dialoqu qiymətləndirir və Komitənin fikir və tövsiyələrini müvafiq olaraq nəzərə alır. Azərbaycan irqindən, rəngindən, mənşəyindən, milli və ya etnik kimliyindən asılı olmayaraq öz ərazisində yaşayan hər kəsin hüquq və ləyaqətini bərabər əsasda dəstəkləməyə sadiq qalır, qlobal miqyasda irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması kimi yekun məqsədə nail olmaq üçün fəaliyyətini davam etdirəcəkdir".






up