"AMEA humanitar inistutlarla birlikdə fəaliyyətini davam etdirəcək" - Deputat
31-07-2022, 18:55

“Cənab Prezidentin fərmanı ilə Elm və Təhsil Nazirliyinin yaradılması çox əhəmiyyətlidir. Burada əsas məqsəd elm və təhsil arasında əlaqə qurulması, möhkəmləndirilməsi və elm siyasətinin daha da təkmilləşdirilməsidir”.

Bunu AZİNFORM.AZ-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünyada yeni çağırışlar mövcuddur, Azərbaycanın alimləri, elmi müəssisələri bu çağırışlara ciddi hazırlaşmalıdırlar:

“Söhbət ondan gedir ki, artıq elm sahəsində dövlət siyasətini həm də Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Dünyanın bir çox ölkələrində belə təcrübələr mövcuddur. Beləliklə, Elm və Təhsil Nazirliyinin səlahiyyəti də daha da artırıldı. Artıq Təhsil Nazirliyi yanında da iki agentlik də yaradıldı ki, bunlardan biri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, digəri isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Hesab edirəm ki, bu, həm Təhsil Nazirliyinə, həm Milli Elmlər Akademiyasına növbəti bir etimaddır. Fikrimcə, bu fərman Azərbaycan elminin inkişafına, daha da populyarlaşmasına, elmlərimizin fəaliyyətinin güclənməsinə də öz ciddi töhfəsini verəcək”.

Deputat Milli Elmlər Akademiyasının mövcudluğunu saxlamasına da münasibət bildirərək, deyib ki, AMEA humanitar inistutlarla birlikdə fəaliyyətini davam etdirəcək.





up