Elm adamlarına nazirlikdə vəzifə verilsin! - Professordan TƏKLİF
29-07-2022, 11:25

“Prezidentin elmlə bağlı dünənki fərmanını dəstəkləyirəm. Düşünürəm ki, bu fərman AMEA-da uzun illərdən bəri həllini gözləyən problemlərin çözülməsinə dair atılmış addımdır”.

 

AZİNFORM.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib.

 

Onun sözlərinə görə, yeni qərar akademiyanın bulanıqlığına aydınlıq kimi qiymətləndirilməlidir. Professor qeyd edib ki, bundan sonra elmin inkişafı üçün ciddi işlər görülməli, indiyədək həll olunmamış problemlər aradan qaldırılmalıdır. 

İdris Abbasov Elm və Təhsil Nazirliyindən bu istiqamətdə gözləntilərinin müsbət olduğunu vurğulayıb:

 

“Yeni nazirliyin yaradılması, elm müəssisələrinin həmin nazirliyin tabeliyinə verilməsi düşünülmüş qərar idi. Nə akademiya ləğv olundu, nə də əvvəlki vəziyyət saxlanıldı. Atılan addımları ümidlə qarşılamalıyıq. Əlbəttə, qanunla, qərarla heç nə düzəlmir, akademiyanın düzəlməsi bizdən asılıdır. Prezident öhdəsinə düşən işi görürsə, biz də görməliyik. Fəaliyyət istiqaməti, baş verəcək dəyişikliklər yalnız alimlərin əlindədir".

 

Professor yeni yaradılan Elm və Təhsil Nazirliyinin rəhbərliyində elm xadimlərinin olmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, elmin inkişafı üçün elm xadimlərinin önə çəkilməsi vacib amildir:

 

"Əlbəttə, elm adamlarının nazirlikdə müavin və bu kimi vəzifələrdə çalışması rəhbərlikdən asılı olacaq. Ancaq elm adamları nazirliyi təmsil edəcəklər, bu istisna deyil. Əgər qurumlar birləşdirilibsə, təcrübəli və rüşvətdən uzaq kadrlar idarəçiliyə cəlb olunacaqlar”.

 

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.

 

Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.






up