Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idi
16-07-2022, 16:34

"Ermənistana sonuncu xəbərdarlıq edildi. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının başlaması ilə bağlı xəbərdarlıq dayanır". 
 
Bu sözləri AZİNFORM.AZ-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

O, qeyd edib ki, Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ifşa edildi:
 
"Ötən gün ölkə Prezidentinin keçirmiş olduğu müşavirədə ölkənin sosial-iqtisadi inkişafına, qarşıda duran hədəflərə, eyni zamanda 6 ay ərzində keçilən yola ciddi qiymət verildi. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı təbii ki, Azərbaycandan da yan keçmir. Buna baxmayaraq Azərbaycanda vəziyyət kifayət qədər qənaətbəxşdir. İqtisadi inkişafımız göz önündədir. Büdcəyə əlavələrin daxil olması, vergilərin xüsusi olaraq təkmilləşdirilməsi ilə bağlı aparılmış olan islahatlarla əlaqədar neftdən əlavə daxilolmalar hər birimizi sevindirir. 
Bununla yanaşı Cənab Prezident işğaldan azad edilmiş rayonlarda aparılan və aparılacaq işlər üzərində də dayandı. Eyni zamanda Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ortaya qoyuldu və ifşa edildi. Doğrudan da, Ermənistan 2020-ci ilin noyabrında bağlanmış olan Bəyannaməyə və onun bəndlərinə uyğun olan və üzərində götürdüyü öhdəlikləri yerinə yetirmir. Ölkə başçısı bunu xüsusi olaraq 2 baxımdan qeyd etdi. Birincisi, Naxçıvanla Azərbaycan arasında dəhlizin açılması, avtomobil yolunun bərpası ilə bağlı hələ də Ermənistan tərəfindən heç bir işin görülməməsini. Bunun əksinə olaraq Laçın yolunun Azərbaycan tərəfindən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq işlək vəziyyətdə olması Cənab Prezident tərəfindən bir daha önə çəkildi".
 
Deputatın sözlərinə görə, Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir:
 
"İkinci vacib məsələ Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan hələ də çıxarılmamasıdır. Bununla bağlı da "10 Noyabr 2020-ci il Bəyannaməsi"ndə xüsusi bənd var. Ermənistan buna da əməl eləmir. Eyni zamanda Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir, lazımi addımları atmır ki, həmin tör-töküntülər Azərbaycan ərazisindən çıxarılsın. Hər ikisi ciddi məsələ olaraq Prezident tərəfindən bir daha önə çəkildi. Mənə belə gəlir ki, Ermənistana sonuncu xəbərdarlıq edildi. Bu xəbərdarlığın xarici işlər nazirlərinin bu gün keçirilən görüşü ərəfəsində edilməsinin özü ciddi önəm daşıyır. Prezident də söylədi ki, sənədlər var və həmin sənədlər yəqin ki, artıq masanın üzərinədir. Yəni, Prezidentin vermiş olduğu mesajlar Azərbaycan xarici işlər nazirinin əlini daha da gücləndirir. Məncə, bu məsələ bu gün keçirilən görüşdə özünün konkret həllini tapmalıdır". 
 
Rusiyaya xəbərdarlıq edilməsi, mesaj göndərilməsi də çox ciddi qəbul olunmalıdır. Rusiya da öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çünki ermənilər məhz Rusiyanın sülhməramlı qüvvələrinə, onların yardımına söykənərək bunu davam etdirirlər. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının açılması ilə bağlı xəbərdarlıq dayanır". 
 
Fəzail Ağamalı həmçinin qeyd edib ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxarmalıdır:
 
"Ermənistan nəticə çıxarmalıdır. Bu hiyləgərliyinə, yeddibaşlı oyunlarına son qoymalıdır. Əgər bütün bunlar olmursa, Qarabağla bağlı, ermənilərlə, statusla bağlı məsələlər ən müxtəlif platformalarda önə çəkilirsə, ölkə başçısının bunlarla bağlı xəbərdarlığı idi. Biz həqiqətən də, tarixi faktlara və hüquqi imkanlara sahibik ki, Zəngəzur statusunu qoyaraq onun Azərbaycana birləşdirilməsi ilə bağlı məsələni həll edək. Hələlik ölkə Prezidenti buna getmir. Çünki görünən budur ki, Cənab Prezident qarşıya qoyulan hədəflərə addım-addım gedir. Belə bir taktika özünü yüksək səviyyədə doğruldub. Dünənki müşavirədə Cənab Prezidentin ortaya qoyduğu qətiyyətli iradə və söyləmiş olduğu fikirlər, bunun da arxasında dayanan mesajlardan Ermənistan ciddi nəticə çıxarmalıdır".  /azxeber.com/
AZİNFORM.AZ




up