Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Naxçıvan-Türkiyə quru sərhədləri bu gündən etibarən bağlanıb.
AZİNFORM.AZ məlumatı dəqiqləşdirmək üçün Türkiyənin Azərbaycanda səfirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov AZİNFORM.AZ-a deyib ki, sərhədlərin bağlanması və ya açılması gömrük orqanlarının səlahiyyətinə aid deyil.
Övladları Türkiyədə oxuyan valideyinlər isə yazır ki, Naxçıvandan Türkiyəyə getmək üçün aldıqları biletlər batıb.
“Azərbaycan-Türkiyə sərhədi də bağlandı. Dünən axşamdan Sədərək gömrüyü piyadalara və avtomobillərə qapadılıb. Tələbələrin çoxu ölkəyə o yolla gəlirdilər. Minlərlə insanın uçuş bileti, otel rezervasyonu havaya uçdu”, -deyə tanınmış jurnalist Aygün Muradxanlı yazıb.
Qeyd edək ki, bir müddət əvvəl də sosial şəbəkələrdə qonşu ölkələrlə quru sərhədlərin 1 iyuldan bağlanacağı ilə bağlı iddialar irəli sürülmüşdü.
Jurnalist Fikrət Fərəməzoğlu isə İranla sərhədlərin iki aylıq bağlandığını yazıb:
“Dünən həyat yoldaşım sərhədi keçib. Sərhəddə deyiblər ki, bu gündən iki aylıq bağlanır”.
Tanınmış jurnalist Məhsəti Şərif də bu gündən Azərbaycanın Türkiyə ilə quru sərhədlərini bağladığını yazıb.
Xatırladaq ki, rəsmi qurumlar yayılan məlumatları nə təkzib, nə də təsdiq edir, susmağı üstün tutur.
Aldığımız son məlumata görə, hazırda quru sərhəddə gediş-gəliş müvəqqəti dayandırılır. /cebhe.info/