“Deputatların çoxu xalqla əlaqəsi olmayan insanlardır. Onlar həkimlərin, müəllimlərin, təqaüdçülərin, qazilərin, əlillərin aldıqlarından və yaşamalarından xəbərdar deyil”.
AZİNFORM.AZ xəbər verir ki, bunu deputatların maaşlarının artırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Hafiz Hacıyevin sözlərinə görə, deputatlar maaşlarının artırılmasını haqq etmir: “Deputatlar var ki, onlar heç deputat deyillər, onlar təyin edilmiş insanlardır. Onları xalqın vəziyyəti düşündürmür, çünki onları xalq seçməyib, ona görə də xalqa hesabat vermirlər. Onların çoxu xalqla əlaqəsi olmayan insanlardır. Onlar həkimlərin, müəllimlərin, təqaüdçülərin aldıqlarından və yaşamalarından xəbərdar deyil. Onlar özlərinə hörmət etsəydi, etiraz edərdilər ki, ayrılan pullar qazilərə, əlillərə verilsin. Onlarda o vicdan yoxdur. Hamısı fürsət axtarırlar ki, dövlətə xəyanət etsinlər və edirlər də. Ramiz Mehdiyevin yığdığı, təyin etdiyi deputatlardan yaxşı nə gözləyirsiniz? Sabah onlara desələr ki, Azərbaycan müstəqilliyini itirsin, ona da səs verəcəklər.
Əhalinin belə vəziyyətində onların maaşlarından gileylənmələrinə çox pis baxıram. Bir neçəsini çıxmaq şərti ilə deputatlarda vicdan yoxdur. Deputatların maaşlarının qaldırılmasına çox pis baxıram. Bircə şey deyirəm, onların burnundan gəlsin”.