Naxçıvana bilet qiymətləri 60 yox, 100 manat olmalıdır - ETİRAZ
7-06-2022, 16:58

Xəbər verdiyimiz kimi Bakı-Naxçıvan-Naxçıvan istiqamətlərində aviabiletlərin dəyəri 60 manata qalxıb. Bu addım vətəndaşlar tərəfindən etirazla qarşılanıb.

Bir müddət əvvəl Milli Məclisdə bəzi deputatlar Naxçıvana bilet qiymətlərinin bahalığından şikayətlərini bildirmişdi. Bunun nəticəsi olaraq, qiymətləri ucuzlaşdırmaq əvəzinə, bahalaşdırdılar.

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustfa fikirilərini modern.az-la bölüşüb.

Deputat aviabiletlərin bahalaşmasına ironik yanaşıb. F.Mustafa deyib ki, bilet qiymətlərini  60 yox, 100 manat etmək lazımdır:

“Bu addım əhalini qətiyyən düşünməməkdən irəli gəlir. Qərarı qəbul edəndə imkanlı şəxslərin gediş-gelişini nəzərə alırlar. 60 manat olmasın 100-150 manat olsun, onlar üçün heç bir fərq yoxdur. Naxçıvanda sadə bir vətəndaş üçün də 10 manatın əhəmiyyəti var. Bu, birbaşa Azərbaycanla əlaqənin kəsilməsinə gətirib çıxara biləcək bir addımdır. Bunu qətiyyətlə pisləyirəm, heç bir əsaslandırılma ola bilməz. Dotasiya, dövlət büdcəsindən vəsait ödənməli olsa da, Naxçıvana uçuşların qiymətini artırmaq düzgün deyil, yanlış qərardır. Bahalşdırmaqyox, biletləri ucuzlaşdırmaq lazımdır. 100 adamın orda qohum-əqrəbası var necə getməlidir? Başqa yerdə “n” sayda yeyinti yeri var, problem var, onlardan kəsib bura yönəltsinlər”.

F.Mustafa söyləyib ki, Qarabağ savaşından sonrakı dövrdə Naxçıvanın əhəmiyyəti Azərbaycan üçün on qat artıb:

“Arxa cəbhəmiz güclü olmalı idi və Naxçıvan ən güclülərdəndir. Hər hansısa şəkildə təyyarələrin rentabelli uçuşunun olmaması əsaslandırılırsa, bunu cəmiyyətə açıq şəkildə söyləmək lazımdır. Gərək Qarabağda ermənilərə dəstək verən Ermənistana baxaq, pulu yoxdu, amma qanunsuz da olsa, ora vəsait ayırır. Biz də bu boyda uğurdan sonra Naxçıvanı iki qat əziyyətə salan bir qərar qəbul edirik. Bu qiymət 30 manat olmalıdır”.

Qeyd edək ki, iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilib.

Dəyişikliklə Azərbaycan vətəndaşı olan hər bir sərnişinə güzəşt məbləği 10 manata endirilib.

Xatırladaq ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir.

Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulub. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.

AZİNFORM.AZ





up