“Tunel qırğını” da dünyaya çatdırılmalıdır” - Türkiyə səfiri
31-05-2022, 16:41

“Kəlbəcərdə də mənzərə işğaldan azad olunmuş digər şəhərlərdən fərqli deyil. Vandallıq, terror, şiddət, dağıdılan binalar, məktəblər, məzarlar vəhşiliyin nümunəsidir”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Kəlbəcərdə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

“Bu gün hüznlə Kəlbəcər-Laçın tunelindəki qətliamla bağlı məlumatı öyrəndim. Erməni işğalının başladığı dövrdə kəndlərindən köçməyə məcbur olan insanların tuneldə sıxışdırılaraq qətlə yetirilməsi eyni Xocalı faciəsi qədər üzücü bir hadisədir. Bəlkə dünya ictimaiyyəti sadəcə Xocalı qətliamı haqda məlumatlıdır, lakin bu vəhşət də dünyaya çatdırılmalıdır”, - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, bu gün Azərbaycan bayrağı digər azad olunmuş şəhərlərdə olduğu kimi, Kəlbəcərdə də dalğalanır: “Müşahidə etdik ki, minalardan təmizlənmə işi sürətlə davam etdirilir. Hörmətli Prezident İlham Əliyev səfəri zamanı Rizeni cənnətə bənzətmişdi. Kəlbəcər də öz füsünkar təbiəti ilə Qarabağın cənnət guşəsidir”. /apa/





up