Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Şuşa 1 saylı tam orta məktəbin müəllim heyəti müraciət edib.
İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.
Səfərə getmək üçün 70 nəfər müraciət edib və hərəsi bunun üçün 22 manat ödəyib.
Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.
Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.
Aldadıldıqlarını başa düşən məktəbin rəhbərliyi ərazi üzrə polisə müraciət edib.