Təhsil Nazirliyindən tələbələrə MÜRACİƏT
27-05-2022, 16:03

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

Bu barədə AZİNFORM.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.





up