“Antiterror tədbirləri nəticəsində əldə olunan uğurlar Şərqi Zəngəzurun, xüsusən də Kəlbəcər rayonunun bərpası işinə yeni nəfəs verəcək. Kəlbəcərin bərpası üçün tikinti materiallarının və digər yüklərin daşınmasında çox ciddi problem var idi”.
Bu fikirləri nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, ağır yük avtomobilləri ilə Murov dağını aşmaq çox çətin, bəzən mümkünsüzdür:
"Laçından keçib Kəlbəcərə getmək həm kifayət qədər uzaqdır, həm də o istiqamətdə yollar hələ ki, çox sərt aşırımlardan keçir. Amma Kəlbəcərin ən rahat və hələ sovet dövründən yeganə yolu olan Tərtər-Kəlbəcər yolu çox rahatdır və istənilən avtomobillə hərəkət mümkündür:
Keçmiş Ağdərə rayonunda az bir ərazinin tam təmizlənməsindən sonra bu yolda hərəkət bərpa olunacaq. Bundan sonra Kəlbəcərə gediş-gəliş və rayonun bərpası sürətlənəcək. Eyni zamanada həm tunellər vasitəsilə Gəncə-Kəlbəcər yolunun, həm də Laçın-Kəlbəcər yolunun tikintisi sürətlə davam edir. Şərti olaraq "Şərqi Zəngəzur magistralı" adlandıra bildiyimiz bu yol Araz vadisini Gəncəbasarla birləşdirən gözəl bir yol olacaq”.