Mən Azərbaycanı anam kimi yox, qardaşım kimi sevmişəm. Azərbaycan mənim qardaşımdır, böyük qardaşım. Bəzən şilləsindən dodağım partlayır, qanım ağzıma dolur, sonra da sərin bir payız sabahı oyanıb görürəm ki, illərlə həsrətində olduğum qırmızı velosiped qapımızdadır.
Bir gün əvvəl 7 polisimizin şəhid olduğu xəbərini aldıq, bu səhər isə...
Tarixi günlərə şahidik.
Hər dəfə xatırlayanda ürpəndiyim bir hadisə var, təxminən 10 il qabaq Xəzərin Siyəzən sahillərində baş verib; ata azyaşlı oğlu ilə dənizə balığa gedir, balıqçı qayığıyla sahildən xeyli uzaqlaşandan sonra fırtınaya düşürlər. Qayığı su basdığını görən çarəsiz ata 10 litrlik su qabındakı suyu boşaldıb uşağın belinə sarıyır. Dalğa qayığı çevirir, ata düşünür ki, özü həlak olsa da, oğlunu su qabı qoruyacaq, xilasedicilər onu tapacaqlar. Ata yalın əllə dalğalarla vuruşur, təcrübəsi sayəsində saatlar sonra özünü sahilə yetirir. Ancaq oğlu gözə dəymir.
Düz 3 gün sonra dalğıclar uşağın meyitini tapırlar, belində də 10 litr şor dəniz suyu.
Fırtınada ata tələsik su qabını uşağın belinə sarıyanda qapağını bağlamağı unudubmuş. Beləcə onun xilası üçün belinə sarıdığı qaba dolan dəniz suyu, əksinə, uşağın kabusuna çevrilir, onu batırır.
Ata bunu anlayanda dəniz sahiliylə naəlac o yana, bu yana qaçırdı...
Dəniz insanları sevmir. Sevə bilmir. Sevgisi öldürücüdü, sinəsinə alan kimi can veririk. Sonra kim bilir, sevmək istədiyi neçənci adamın bədənini sahilə qaytarır.
Ancaq Andre Moruanın dediyi kimi, fırtınalar insanların dənizə olan sevgisini öldürmür.
Televiziya müxbiri kimi həmin hadisəni işıqlandırmağa getmişdim. Orada kimsə demişdi ki, dənizdə boğulan şəxs şəhid sayılır. Belə bir hədis varmış.
Həmin gündən Xəzərdə çiynindəki yüklə dalğalara qarşı vuruşan o uşaq yaddaşımda şəhid kimi qaldı.
Bu gün dəfn olunan polis serjantı Xəzər Zamanovun həyat hekayəsi isə gözümdə Xəzər, şəhidlik məhfumlarını ayrı cəbhələrə çəkdi.
Efirlər, radiolar, saytlar Xəzərin uşaqlıq faciəsini təqdim edərkən onun adı, atasının adı və başına gələnlər arasındakı mistik bağlılıq adamı ad-tale tandemində bir daha düşünməyə vadar edir. Yazımın mövzusu bu olmasa da, dərhal yadıma Bakıda şir saxlayan və saxladıqları şir bir neçə filmə çəkilən Bərbərovlar ailəsi düşür. Hansı ki, həmin şir sonda ailənin uşağını parçalayıb öldürdü. Şir saxlamağa qərar verən ailə sahibinin adı isə Lev idi, Lev Bərbərov.
Şəhid polis serjantı Xəzər də uşaqlıqda Xəzərdə boğulurmuş. Atası Azər onu xilas edir, ancaq özünü xilas edə bilmir. Siyəzən sahillərindəki o kabusdan fərqli hadisə yaranır.
Azər Xəzəri yaşadır.
Nəfəsi hələ də dəniz qoxan Xəzər Zamanov isə illər sonra erməni minasına düşərək şəhid oldu.
Minanın onunçün qazdığı çalaya qanını axıdaraq daha bir Xəzər yaratdı.
Bir zamanlar boğulmadığı Xəzəri dartıb Azərbaycanın hüdudlarına gətirdi, Zəngəzurun bir addımlığında adına uyğun bir iz qoydu.
Bir vaxtlar radikal erməni xülyapərəstlərinin dediyi "Dənizdən-dənizə" mifinə mistik bir son qoydu: dənizdən-dənizə ölkə belə olur. Başqalarına məxsus dənizlərə tamah salmaqla yox, dənizli, sahilli, səhralı vətəni nəfəsində saxlayaraq, lazım gələndə yeni dəniz yaradaraq.
Serjant Zamanovun hələ doğulmayan övladına, Xəzərə əmanət etdiyi vətən kimi: Azərdən Xəzərə, Xəzərdən Xəzərə Azərbaycan. /qafqazinfo/