"Hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirir" - DEPUTAT
13-09-2023, 13:14

"Konstitusiyanın qəbulundan sonra Azərbaycanda başlanan genişmiqyaslı islahatlar kursunun mərkəzində heç şübhəsiz ki, məhkəmə-hüquq istiqaməti dayanıb. Hüquqi islahatlar prosesinin sistemli həyata keçirilməsi üçün 1996-cı ildə yaradılan Hüquqi İslahat Komissiyasının da əsas hədəflərindən biri məhz məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, o cümlədən şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusunun yenilənməsi olub. Ötən dövr ərzində, yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına hakim korpusunun yenilənməsi uğurla həyata keçirilmiş, xüsusən Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə Konstitusiyanın 126-cı maddəsi, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunlar rəhbər tutularaq “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın təsdiq edilməsi ilə proses yeni keyfiyyət mərhələsinə qədəm qoyub, son 18 ildə bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, müasir dövrdə hüquq münasibətlərinin sürətli inkişafı və transformasiyası, habelə yeni çağırışların meydana çıxması fonunda hakim korpusunun daha çevik komplektləşdirilməsi, prosesin şəffaflığı və keyfiyyətinə mənfi təsir etmədən hakim seçkilərinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. Deputatın sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının 2005-ci il Qaydalarında dəyişiklik edilməsi barədə 31 avqust 2023-cü il Qərarı da məhz bu çağırışlara müvafiq olaraq qəbul edilib.

"23 istiqaməti əhatələyən dəyişikliklər həm texniki, həm də konseptual məsələləri ehtiva edir və yalnız məhkəmə-hüquq sistemi yox, bütövlükdə hüquq ekosisteminə yönəlik əhəmiyyətli addımdır.

Dəyişikliyin ilk istiqaməti mümkün izafi proseslərin ixtisarı və müddətləri qısaltmaqla hakimlərin seçim prosedurunun təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlərin ilkin uzunmüddətli tədris kurslarından sonra cəlb olunduğu növbəti yazılı və şifahi imtahanlar yeni qayda ilə ləğv edilir və kursları müvəffəqiyyətlə bitirmiş namizədlər birbaşa yekun müsahibəyə buraxılır. Konkret desək, imtahan mərhələlərinin sayı 6-dan 4-ə endirilir. Habelə şifahi imtahanda hər bir namizədlə fərdi qaydada söhbət yarım saatdan 20 dəqiqəyə, yekun müsahibədə isə 1 saatdan 40 dəqiqəyə qədər azaldılır.

İkincisi, imtahanların keçirilməsi formasında əsaslı yeniliklər nəzərdə tutulur. Dəyişikliklə informasiya-kommunikasiya texnologiyalarının yeni imkanlarının və mütərəqqi üsulların tətbiqi nəzərdə tutulur, eyni zamanda namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə yazılı imtahanın birinci fazasının Hakimlərin Seçki Komitəsi tərəfindən Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi imkanı müəyyən olunur.

Bundan başqa, təlim mərhələsi başa çatdıqdan sonra namizədlər qiymətləndirilərkən bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilməsi bütövlükdə hüquq ekosistemi üçün mühüm töhfə sayıla bilər. Yəni, hakim olmağı planlaşdıran gənc üçün imtahan öncəsi hazırlıqla yanaşı, həm də təhsil pillələri, ali məktəbdə göstərdiyi nəticələr və qazandığı real effektiv bilgilər önəmli rol oynayacaq ki, bu hüquq təhsili prosesinə də özünün müsbət təsirini göstərəcək", - deyə B.Məhərrəmov qeyd edib.

Onun sözlərinə görə, dəyişiklikdə diqqət çəkən digər çox vacib məqam insan şəxsiyyəti və ləyaqəti ilə bağlı amilləri ehtiva edir. Belə ki, yazılı imtahanın nəticələrinin artıq adların elan edilməsi formatında yox, namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə kütləvi informasiya vasitələrində və internetdə dərc edilməsi müəyyən olunur: "Yeni yanaşma namizədlərin ictimai formada qiymətləndirilməsi, yaxud onların barələrində müqayisə aparılması təcrübəsini aradan qaldırır ki, bu da gələcək hakimin nüfuzu üçün mühüm amildir".

Deputat deyib ki, dəyişikliklər imkan yaradır ki, hər hansı mərhələni uğurla keçmiş namizəd şəxsi və ailə vəziyyəti ilə bağlı müstəsna hallarda növbəti mərhələdə iştirak etmək imkanı olmadıqda, seçim prosesində iştirakını müvəqqəti dayandırsın və iki il ərzində seçim prosesinin növbəti mərhələsinə yenidən qatılsın: "Ötən dövrün təcrübəsi göstərir ki, şəxsi və ailə problemləri ucbatından hakimliyə namizədlər arasında hətta sonuncu mərhələdə belə uğursuz nəticə nümayiş etdirənlər olub. Bu baxımdan cari dəyişiklik fəaliyyətindən ədalət və humanizm gözlədiyimiz gələcək hakimlərin özlərinə praqmatik və humanist yanaşma deməkdir".

"Bildiyiniz kimi, qanunvericiliklə seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən vətəndaşlar hakim ola bilərlər. Yüksək mənəvi keyfiyyətlərə malik olmayan şəxslər isə ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl edə, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin edə, ədalətli və qərəzsiz ola bilməz və belə fərdlər fəaliyyətinin hansısa dövründə mütləq qaydada ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirir. Məhkəmə-Hüquq Şurasının cari qərarına əsasən, bu kimi amilləri önləmək üçün şifahi imtahana müşahidəçi qismində psixoloq cəlb edilməsi imkanı müəyyən edilir. Yeni qaydaya əsasən, imtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etməsə də, onun psixoloji portreti barədə imtahanın nəticələrinə təsir etməyən, lakin Hakimlərin Seçki Komitəsi üçün qiymətli ola biləcək məlumat xarakterli rəy verir.

Həmçinin yekun müsahibə zamanı isə namizədin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onun hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı və ümumi dünyagörüşü yoxlanılmaqla bərabər, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi müəyyən edilir. Beləliklə də, dəyişiklik hakimlərin məhz ədalət mühakiməsini Konstitusiya və qanunlara uyğun şəkildə qərəzsiz, ədalətlə həyata keçirəcək, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaq, yüksək hakim adına hörmət ruhunda davranacaq şəxslər sırasından seçilməsi səylərini daha səmərəli edir", - B.Məhərrəmov qeyd edib.

O bildirib ki, Prezident "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsini vəzifə olaraq müəyyən edib: "Görünən odur ki, 2005-ci il Qaydasına edilən cari dəyişikliklər məhz məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan cənab İlham Əliyevin özünün iradəsinin ifadəsidir. Eyni zamanda 31 avqust dəyişikliyi yeni formalaşmış Məhkəmə-Hüquq Şurasının əvvəlki dövrün uğurlarını qorumaqla proseslərə çox çevik reaksiya vermə qabiliyyətinin və proseslərə doğru yerdən başlamağı bacarmasının göstəricisi kimi qiymətləndirilməlidir".





up