İkili standartlar və qərəzli yanaşma. Bu ifadə artıq Avropanın bəzi dövlətlərinin ənənəvi siyasətinə çevrilib desək, yəqin ki, yanılmarıq. İllərdir ki, Avropanın göbəyində insan haqları pozulur, aksiyalarda insanlar əzilir - buna reaksiya yoxdur, lakin hansısa maraqlarının kəsişdiyi ölkələrdə xırda, adi bir insident baş verir, dərhal bu ölkələrin yadına insan haqları düşür.
Söhbət Avropanın ən qüdrətli ölkələrindən biri olan Almaniyadan gedir. Tək ötən il bu ölkədə hüquq-mühafizə orqanları tərəfindən güc tətbiqi ilə baş verən 3889 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 15 faiz çoxdur. Bu cinayətlər nəticəsində 1400 insan xəsarət alıb, beş nəfər isə yaralanıb. Bu da onu deməyə əsas verir ki, getdikcə artıq demokratiya beşiyi adlandırılan bu ölkə polis dövlətinə çevrilir. Rəqəmlərə fikir verin - 1400 yaralı, 5 ölü. Onlar müharibə, antiterror əməliyyatı gedişində deyil, polisin əlindən həlak olub və ağır xəsarət alıblar. İnandırım sizi ki, bu rəqəmlər postsovet ölkələrindən birində, məsələn, bizim ölkəmizdə qeydə alınsaydı, sanksiya sanksiya ardınca gələrdi. İnsan haqlarından dəm vuran beynəlxalq hüquq müdafiə təşkilatları dərhal səslərini qaldırıb ölkəmizi hədəfə alardılar. Lakin ağızlarına su alıb susurlar.
Görəsən niyə? Çünki rəqəmlər Almaniyada qeydə alınıb. Baş verənlərə sadəcə bir ad vermək olar: polis özbaşınalığı. Və özü də bu rəsmi statistikadır. Əslində isə rəqəmlər daha çoxdur. Cinayət qurbanı olan şəxslər bir çox hallarda özlərinin müdafiəsiz olduğunu bilib susmağa üstünlük verirlər. Demokratiyadan, sərbəst toplaşmaq və söz azadlığından danışmaq üçün gərək özün bütün bunlara hərtərəfli əməl edəsən. Almaniyada isə bu qoxu gəlmir. Məsələ burasındadır ki, 2022-ci il mayın 10-da Almaniya Federal Daxili İşlər Nazirliyinin "2021-ci ildə siyasi motivli cinayətlərin statistikası" adlı hesabatı ictimaiyyətə təqdim edilib. Hesabata görə, 2021-ci ildə 55 048 siyasi motivli cinayət qeydə alınıb. Yəni ayda dörd mindən çox siyasi motivli cinayət! Bu, 2020-ci ildə qeydə alınmış siyasi motivli cinayətlərin sayından (44 692) 10 356 fakt çoxdur. Belə ki, 2021-ci ildə siyasi motivli cinayətlərin sayı ötən illə müqayisədə 23,17 % artıb.
Ətraflı
Beləliklə, gündə təxminən 137 siyasi motivli cinayət üzə çıxır. Sadəcə bir növ siyasi təqib konveyeridir! Bu polis dövləti, diktatura deyir? Qərbin hüquq-müdafiə təşkilatlarının gözündə isə bu belə deyil. Hesabata görə, ən çox artım (147,44 %) aşağıdakı cinayətlərdə müşahidə edilib: koronavirusun mövcudluğunu inkar etmək, peyvənd əleyhinə təbliğat, həmçinin Almaniya Bundestaqına və Landtaqlara (əyalət parlamentləri) seçkilər zamanı törədilən cinayətlər. Onlar şərti olaraq "heç bir kateqoriyaya aid olmayan cinayətlər" adlanır.
Və bir çox göstəricilərdə Almaniyanın Azərbaycana çatması aya piyada getməyə bənzəyir. Məsələn, Azərbaycanda antisemitizm yoxdur. Almaniya Federal Daxili İşlər Nazirliyi isə antisemitizm cinayətlərinin kəskin artdığını qeyd edib. 2021-ci ildə polisin 3027 antisemit cinayəti qeydə aldığı bildirilir. Bu, ötən illə müqayisədə 29 % çoxdur. İş o yerə çatıb ki, federal daxili işlər naziri Nensi Faser Almaniyada bu cinayətlərin geniş şəkildə baş verməsini "ölkəsinə biabırçılıq" adlandırıb. İsraildə Azərbaycanı tez-tez yəhudilərə qarşı tolerant münasibət nümunəsi adlandırırlar. Və ümumiyyətlə, multikulturalizmin Azərbaycan modeli fəal şəkildə öyrənilir və nümunə kimi göstərilir. Bütün bunlar çox güman ki, beynəlxalq hüquq-müdafiə təşkilatlarından olan bəyləri yenə də narahat etməyəcək. Əvəzində ölkəmizə qarşı qərəz və ikili standartlar siyasəti davam edəcək. /milli.az/
AZİNFORM.AZ