“ Hər il buraxılış imtahanlarının utancverici nəticəsindən danışırdıq, bu il isə nəticələr lap üz qarası oldu. Əgər bundan sonra da bu təhsildə köklü dəyişikliklər edilməyəcəksə, deməli növbəti ildə biz daha acı nəticələrlə üzləşəcəyik. Hazırda məktəblərdəki vəziyyəti real qiymətləndirsək, yuxarı siniflərdə repetitor yanına gedən 5-6 uşaqdan başqa, qalan heç kim oxumur”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Famil Səfərov deyib.
“Bu uşaqlar da müəllimlərə normal dərs keçməyə imkan vermədikləri üçün oxuyan uşaqlar, ümumiyyətlə heç məktəbə gəlmirlər. Bu haqda bütün təhsil ictimaiyyəti illərdir həyacan təbili çalır, amma müvafiq qurumlardan heç bir reaksiya yoxdur. İndi təhsilin yalnız ibtidai mərhələsi az-çox öz funksiyasını yerinə yetirə bilir, ona da bərbad vəziyyətdə olan dərsliklər imkan versə. İbtidai sinif dərsliklərini tərtib edənlər sanki tamamilə unudublar ki, uşaqların bu yaş dövründə təhsil onların düşünmə qabiliyyətini, təfəkkürü inkişaf etdirməyə xidmət etməlidir. Onların beyinlərini gərəksiz, 2-ci, 3-cü dərəcəli informasiyalarla yükləmək isə, əksinə, uşaq orqanizminin fiziki və psixi sağlamlığına çox pis təsir edir”.
Ekspertin sözlərinə görə, təəssüf ki, bu problemlər təkcə ibtidai siniflərdə bitmir:
“Təhsilin qalan mərhələləri də tədrisin və təlim-tərbiyə işinin düzgün qurulmaması üzündən tamamilə iflic vəziyyətinə gətirilib. İndi şagirdlər məktəbə sanki sadəcə vaxtlarını keçirməyə, əylənməyə və valideyn nəzarətindən kənarda özbaşnalıq, nadinclik etməyə gəlirlər. Artıq aşağı siniflərdən guya filan qrupu seçmişəm bəhanəsi ilə, uşaqlar bütün fənləri iqnor edib dərsləri pozurlar. Bu fənn mənə lazım deyil, deyə müəllimlərə dərsi təşkil etməyə və onu normal tədris etməyə imkan vermirlər. Pis vəziyyətdə qalmış müəllimi də məktəblərdə xroniki hal almış bu durum, nəhayət bezdirir, həvəsdən salır və onların böyük əksəriyyəti artıq belə təlim mühitindəki gərginliyə dözə bilməyib, ya vəziyyətlə barışıb dərsləri sadəcə bir təhər yola verməyə çalışır, ya da apardığımız diaqnostik testlərin nəticələrinə görə, professional tükənmə(yanma) sindromuna məruz qalaraq getdikcə bir pedaqoq kimi də deqradasiya edirlər”.
“Bu yaxınlarda çalışdığım məktəbdə müəllimlərdə peşə tükənməsi sindromunu yoxlamaq üçün müvafiq sorğu və test keçirdim. Nəticələr isə gözlədiyimi də aşmışdı, pedaqoji kollektivin 70%-ə yaxını professional yanmaya məruz qalmışdı. Səbəblər isə, demək olar ki, idientikdi:psixi gərginlik fonunda ümumi yorğunluq, apatiya, karyerada inkişaf perspektivinə inamın itməsi və s.
Çoxsaylı müşahidələrimiz göstərir ki, indi hətta, yuxarı siniflərdə əsas fənlər sayılan - xarici dil, riyaziyyat və dil-ədəbiyyat dərslərinə belə, hazırlıqda keçəcəyik deyə, digər dərslər kimi, onlara da şagirdlər heç də ciddi yanaşmırlar. Məktəblərdəki bu acınacaqlı vəziyyət artıq illərdir ki, var. Göründüyü kimi, sonda bu marafonda uduzan tərəf isə, Azərbaycan təhsili və yüz minlərlə gəncin məhv edilmiş taleyi oldu”.