Ali Məhkəmədə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun xanımı Sona Vəliyevanın vaxtı ilə rəhbərlik etdiyi “Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev barəsində kassasiya şikayətinə baxılıb.
Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Onlar 2018-ci ilin oktyabrında “Kaspi”nin Bakıxanov qəsəbəsində yerləşən filialından təhsil haqqı kimi ödənilən məbləğdən 564 min manatı mənimsəməkdə ittiham olunublar.
Tural ilə Fərahim vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin şəxslərə üç il sınaq müddəti təyin edilməklə, 5 il şərti cəza verilib.
Məhkəmədə Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:
“Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.
Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədovun sözlərinə görə, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib. Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.
Məhkəmə prosesi gedən zaman "Kaspi" liseyindəki vergidən yayınma halları, ikili mühasibatlıq halları üzə çıxıb. Sona Vəliyeva isə bu barədə yayılan məlumatları həyat yoldaşı "Əli Həsənovun nailiyyətlərini gözü götürməyənlərin qarayaxma kampaniyası" kimi qiymətləndirib. /demokrat.az/