Ali Məhkəmənin hakimi olacaq İnam Kərimov kimdir? - DOSYE
3-04-2023, 13:27

Məlumat verdiyimiz kimi, İnam Kərimovun Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

AZİNFORM.AZ xəbər verir ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.

Ali Məhkəmənin yeni sədri 1984-1994-cü illərdə Bakı şəhərində S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.

O, 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School” da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. 2013-cü ildə isə Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

İnam Kərimov 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.






up