Bu gün, 6 fevral tarixində Türkiyənin Malatya, Diyarbəkir, Adana, Hatay, Kilis və Osmaniyə vilayətlərində faciəvi zəlzələ nəticəsində 1014 nəfər ölüb, 5000-ə yaxın adam yaralanıb, 2818 bina dağılıb. Dağıntılar altında itmiş insanların axtarışı davam edir, ölkənin şərq bölgəsində isə zəlzələlər davam edir. Bir çox Bakı sakinləri maraqlanırlar ki, paytaxtdakı binalar bu cür təbii fəlakətə tab gətirə biləcəkmi?
AZİNFORM.AZ xəbər verir ki, pravda.az memar cahid Həsənovdan açıqlama alıb.
Cahid Həsənov bildirib ki, Azərbaycanda binaların tikintisində, xüsusilə çoxmərtəbəli binaların tikintisində müvafiq dövlət qurumlarının təqdim etdiyi qaydalar əsasında texniki baxımdan möhkəmlik nəzərə alınır. Son onilliklərdə bu hal böyük vüsət alır. Bu da sevindirici faktordur.
“Türkiyədəki hadisə bizi çox kədərləndirdi. Zəlzələ zamanı yeni tikililərin dağılması bir memar kimi bizi də sarsıdır. Paytaxt ərazisində sovet dövründə inşa edilən “xruşovka” kimi binalar var ki, onların zəlzələyə davamiyyəti olduqca aşağıdır. Sevindirici haldır ki, “xruşovka” deyilən binaların sökülməsi, tədricən yeni binalarla əvəz olunması prosesi gedir. Digər köhnə binaların da növbəti dövrlərdə sökülərək yerində yeni binaların tikilməsi, yaxud parkların salınması işi sürətləndirilsə, çox yaxşı olardı. Çünki təhlükə anında köhnə binalar texnoloji baxımdan standartlara cavab vermir. On beş – iyirmi il əvvəl köhnə binalara artırmalar edilməsi dəbə düşmüşdü. Bu kimi halların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları, Memarlıq və Şəhərsalma Baş İdarəsi mübarizə aparırdı. Çünki təbii fəlakətlər olanda nəticəsi çox acınacaqlı olur”, – deyə Həsənov bildirib.