Azərbaycanın ən böyük piri, Quranda adı çəkilən sirli bölgə, 300 il yatandan sonra ayılan dostların qorunduğu möcüzəvi yer.
AZİNFORM.AZ Azərbaycanın ən sirli yerlərindən biri - Əshabi-Kəhf haqda araşdırmanı təqdim edir:
Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarasıdır. Əhabi-Kəhf təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı Qurani-Kərimdə də Əshabi-Kəhfin adı çəkilir.
«Əsahabi-Kəhf» mağarasının müqəddəsliyi xalq arasında yayılmış və bir sira qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. Həmin rəvayətdə deyilir:
Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağı sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, pullar onun özünündür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.
Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını üç yüz ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Alaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir.
Xalq arasında yayılan digər rəvayət sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, həzrəti Əli «Əshabi-Kəhf» mağarasını ziyarət edərkən orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb.
«Əshabi-Kəhf» mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var.
Daha ətraflı videoda: