İcra başçıları ilə bağlı sorğunun nəticələri açıqlanıb – FOTO
14-01-2023, 22:47

Azərbaycanda respondentlərin 65,6%-i hesab edir ki, yerli icra hakimiyyəti başçısı cəmiyyətin üzvü kimi olmalı və yüksək nüfuzlu şəxs kimi hər kəsdən yuxarıda dayanmamalıdır.

Bu, Sosial Tədqiqatlar Mərkəzinin regionlarda dövlət hakimiyyətinin təmsilçisi, ictimai-siyasi fiqur, eləcə də son illər aparılan islahatların başlıca tərəflərindən biri olmasını nəzərə alaraq, yerli icra hakimiyyəti başçıları ilə bağlı keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 30,3%-i isə icra hakimiyyəti başçısının yüksək statusu ilə hər kəsdən yuxarıda dayanması mövqeyini bölüşüb. Respondentlərin 4,1%-i bu fikrə münasibət bildirməkdə çətinlik çəkib.

Bildirilib ki, bu sahədəki beynəlxalq tədqiqatlarda yerli idarəetmənin ayrı-ayrı aspektləri arasında şəxsiyyət amilinin əhəmiyyətinə xüsusi yer verilir. Ali, yuxarı və mərkəzi instansiyalardan sonrakı pillədə dayanan yerli icra hakimiyyəti başçıları daşıdıqları hüquqi status baxımından yerlərdə digər vəzifəli şəxslərin, sosial qrupların müqabilində yüksək mövqedə qərarlaşırlar. Lakin bəzi hallarda bu statusdan sui-istifadə müxtəlif neqativ halların, məmur özbaşınalığı ilə bağlı xəbərlərin yaranması ilə nəticələnir.






up