Deputatın tələbinə hüquqşünasdan cavab: “Vəzifəsini başa düşürsə, 15-16 yaşında evlənmək olar”
4-01-2023, 19:58

“Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır”.

Bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə heç bir istisna olmadan nikah yaşı 18 qəbul edilməli, 18 yaşdan aşağı olanların nikaha girmələri birmənalı şəkildə qadağan edilməlidir. 

Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bəs görəsən, qanunda deputatın tələb etdiyi kimi dəyişiklik edilə bilərmi?

Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz:



“Bizim Konstitusiyamızda nikah hüququ var. Nikah yaşının hansı hallarda 17-yə endirilməsi ilə bağlı məlumat da qeyd olunub. Qanunvericilik məsələni kifayət qədər şərh edir. Zərurət yarandığı üçün 17 yaşında nikah bağlanmasına mane olunmamalıdır. Qanun bunu əsas tutur. Burada qeyri bir şey axtarmaq düzgün deyil. Qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz. Bu gün vacib məsələ ailəyə sədaqət nümayiş etdirməkdir. Nə qədər ki sədaqət var, ailə də möhkəm olacaq”.

Hüquqşünas qeyd edib ki, 17 yaşda nikahın bağlanması bizim inkişafımıza xələl gətirməyəcək:

“15-16 yaşda nikah bağlansa belə, ailənin təməli varsa, heç bir problem yaranmayacaq. Azyaşlıların nikahının əleyhinəyəm. Lakin vəzifələrini başa düşürsə, niyə də olmasın? Müzakirəyə ehtiyac yoxdur”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bu fikirdədir ki, qanuna dəyişiklik edilməsinə ehtiyac var:


“Əslində, bizim qanunlarımız yüksək səviyyədədir. Sadəcə, qanunun icrasına yerlərdə çox ciddi nəzarət olmalıdır ki, mənfi proseslər baş verməsin. Həm qanuni baxımdan bu məsələni tənzimləməliyik, həm də konkret cəzalar olmalıdır. Qanun pozuntusuna yol verənlər də çox ciddi şəkildə cəzalandırılmalıdırlar. Bununla yanaşı, bölgələrdə ailələrlə maarifləndirmə işləri aparılmalıdır.

Yerli icra hakimiyyətlərinin nəzdindəki komissiyalar, yəni yetkinlik yaşına çatmayan uşaqlarla işləyənlər işlək mexanizmə malik olmalı, davamlı surətdə bu istiqamətdə öz tədbirlərini həyata keçirməlidirlər. Proses hüquqi şəkildə tənzimlənməlidir”.

C.Məmmədov əlavə edib ki, 18 yaşından aşağı nikahlarla səbəbindən asılı olmayaraq ciddi mübarizə aparmalıyıq:

“Belə hallar yolverilməzdir. Eyni zamanda, qeyd etdiyim maarifləndirmə məsələləri də xüsusi önəm və əhəmiyyət daşıyır. Valideynlər bölgələrdə həssas yanaşmırlar. Ona görə bu kimi problemlərlə üzləşirik”./oxu.az/





up