Bəhram Bağırzadə: “Fikrət müəllim, bizi bağışlayın, sizi pis vəziyyətdə qoyduq...”
23-11-2022, 17:29

Noyabrın 12-dən etibarən Mədəniyyət Nazirliyi tərəfindən dahi azərbaycanlı bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə musiqi festivalı keçirilir.

AZİNFORM.AZ xəbər verir ki,  F. Əmirovun doğum günündə Heydər Əliyev Sarayında bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi baş tutub. Təəssüflər olsun ki, konsertdən sonra sosial şəbəkələrdə tədbirin lazımi səviyyədə təşkil olunmaması ilə bağlı narazılıqlar yaranıb.

Yubiley gecəsinin qonaqlarından biri Əməkdar artist Bəhram Bağırzadə tədbiri tənqid edib: “Bu, ötən əsrdə və hətta ötən minillikdə olmuşdu. 1984-cü il. Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım var idi. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım... Hardasa yarım əsrdən çox vaxt keçib. Və bu gün, yeni minillikdə mən - artıq 50 yaşlı kişi - dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim... Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm... Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük, kişiləşmişik və gözəl şeyləri öyrənmişik. Fikrət müəllim, bizi bağışlayın. Biz sizi pis vəziyyətdə qoyduq...”

Konserti tənqid edənlər arasında Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas Qüdsiyə Yusif də var. O, feysbuk səhifəsində bunları yazıb: “Fikrət Əmirov. O, dünya sərvəti və Azərbaycanın fəxridir. Suallar var. Yubiley konsertinin rejissoru və səs rejissoru kimdir? Proqramı kim təsdiq və qəbul edib? Niyə mikrofonlar səs edirdi? Niyə konsertboyu səhnədən düz orkestrin üstünə tüstü buraxırdılar? Bir orkestri çökəklikdə, digərini səhnədə otuzdurmaq nə qərar idi? Bu nə işıqlandırma idi? Bu nə idi?! Niyə dahi bəstəkarın mahnıları belə “ifalarda” səslənirdi? Onları necə belə ifa etmək olardı? Necə? Fikrət Əmirovun 100 illik yubileyini layiqincə qeyd edə bilməyən Mədəniyyət Nazirliyinin məmurları ilə nə baş verir? Fikrət Əmirovun xatirəsindən üzr istəmək istəyirəm. Boğazım düyünlənmişdi. Lakin musiqiyə heyranlıqdan deyil, qəzəb və inciklikdən. Bu günü geri qaytarmaq istərdim...”.






up