“Uşaqlara Rusiyanın Azərbaycanın müstəqilliyinə nə qədər təhlükə olduğu izah olunmalıdır” — Partiya sədri
7-05-2022, 14:23

“Bilirik ki, 9 may İkinci dünya müharibəsində faşizm üzərində qələbənin bayram edildiyi gündür. Və bu qələbədə Azərbaycan həm nefti ilə, həm də qəhrəman övladları ilə müstəsna rol oynayıb”. 
 
Bu sözləri AZİNFORM.AZ-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. 

Partiya sədri vurğulayıb ki, yüz minlərlə qurban verməklə bu qələbəni qazanmışıq:

“Şübhəsiz ki, biz onların xatirəsini əziz tutmaq üçün bu bayramı qeyd etməliyik. Biz bunu bayram günü kimi qeyd etməli, həlak olmuş insanlarımıza, həmvətənlərimizə öz sayğımıza göstərməliyik”. 

A.Səmədov ötən gün Bakıda 164 nömrəli tam orta məktəbdə 9 May Qələbə Günü ilə bağlı  məktəblilərə rus beretkalarının, qələbə bantlarının taxılması məsələsinə də münasibət bildirib:  

“Hesab edirəm ki, 9 May Qələbə Günü hər cür simvollardan, xüsusilə də məktəblərdə imtina olunmalıdır. SSRİ-nin təbliğatına çevrilə biləcək hər cür addımdan imtina edilməlidir. Nə “Georgi lenti”, nə başqa geyimlər, simvollar olmamalıdır. Uşaqlara 9 May- Faşizm üzərində Qələbə günü düzgün izah olunmalıdır. Eyni zamanda, Rusiyanın Azərbaycanın müstəqilliyi üçün nə qədər təhlükə olduğu onlara anladılmalıdır. Azərbaycanda Rusiya təbliğatına gedilməməlidir, Azərbaycanda Rusiyanın qurduğu ittifaqların nə qədər təhlükəli olduğu izah olunmalıdır uşaqlara da, yaşlılara da. Müstəqilliyimizin nə qədər dəyərli olduğu aydın başa salınmalıdır. Bir daha deyirəm, SSRİ-nin təbliğatına çevrilə biləcək hər cür simvollardan imtina olunmalıdır. Biz qələbə gününü Rusiyanın miqyasını göstərmək, Rusiyanı təbliğ etmək üçün qeyd etməməliyik. Biz bununla həmvətənlərimizin xatirəsini yad etməliyik. Ümumiyyətlə, hesab edirəm ki, SSRİ-nin təbliğatı yolverilməzdir”. /demokrat/





up