Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə təlimlərinin növbəti mərhələsi keçirilib.
Bununla bağlı məlumatı Azinform.Az-a Müdafiə Nazirliyindən bildiriblər.
Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimlərin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qoruyucu xüsusiyyətlərindən və kamuflyajdan istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərin ssenarisinə əsasən, saxta düşmənin komanda idarəetmə məntəqələri, rabitə qovşaqları sıradan çıxarılıb, yaşayış məntəqələrində infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib.
Təlimlər zamanı mobil qruplar yolda yaranan maneələri dəf edərək saxta hədəflərə qəfil atəş basqını həyata keçirib.
Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin təlimlərində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.