Bu cinayəti törədənlərin cəzası ağırlaşdırıldı -10 ilədək azadlıqdan məhrum ediləcəklər
28-10-2022, 17:38

Cinayət Məcəlləsinin 152-ci maddəsinin dispozisiyası dəyişir.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, bu halda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də tətbiq olunacaq. Başqa sözlə, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə görə, eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qüvvədə olan Məcəlləyə əsasən, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6ı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə iki və ya daha çox şəxsə qarşı törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.





up