Deputat bahalaşma haqda: "Torpaqlarda əkib becərmək, işləmək lazımdır"
4-10-2022, 22:01

Milli Məclisin deputatı Rüfət Quliyev müğənninin parlamentarilərin ölkədə baş verən hadisələrə biganə qalması ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıb. 

AZİNFORM.AZ-a danışan millət vəkili Rüfət Quliyev deputatların da bu məsələ ilə bağlı narahatlıqları tez-tez dilə gətirdiyini deyib:

“Müğənnilər özləri bir mahnı oxumaq üçün 2 min manat pul alırlar. Onların xəbəri varmı bahalaşma necə gedir? Bu fikirlər düzgün deyil, deputatların hər şeydən xəbəri var.

Mən öz çıxışımda da dedim ki, supermarketlərdə insanları aldadırlar. Onlarla deputat bu barədə çıxış edir, deyir ki, inflyasiyanın qabağını almaq lazımdır. Biz məgər Marsda yaşayırıq?! Biz də bu
cəmiyyətin içərisində yaşayırıq, hər şeyi görürük. Məgər biz hər gün marketlərə girib bunu görmürük?

Mənə elə gəlir ki, deputatlara qarşı bu aqressiyanın səbəbi ona görədir ki, insanların məmurlara əli çatmır, onlar yuxarılarda otururlar. Bilirsiniz, üzdə olan adamlar deputatlardır ona görə bu qədər tənqid hədəfinə çevrilirlər. Deputatlar da adi insanlar kimi bazara da gedir, bazarlıq da edir, qiymətlərin bahalaşmasını da görür. Bununla əlaqədar da əlimizdən nə gəlirsə, onu edirik. Biz də hökumət nümayəndələrinə bildiririk, onlardan xahiş, tələb edirik ki, bu məsələyə bir əncam çəkilsin.
Deputatlara müraciət edən müğənni xanıma deyin ki, Rüfət Quliyev sizdən soruşur ki, siz hər mahnıya görə nə qədər pul alırsınız və sizin inflyasiyadan xəbəriniz varmı? Bahalaşma hamıya təsir edir, kasıb təbəqəyə daha çox təsir edir. Bu təbii ki varlılara da təsir edir”.

Deputat bahalaşmanın qarşısının alınması üçün daxili istehsalın gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Bu bahalaşmanın başqa tərəfləri də var. Biz bu məsələdə insanlara da səslənirik ki, bir az aktivləşsinlər. Regionlarda əkib becərmək, işləmək lazımdır. Hamı deyir ki, iş yeri yoxdur. Regionlarda əsas iş yeri məhz torpaqlardır, torpaqlarda işləmək lazımdır. İndi həmin torpaqlarda işləmək üçün 15 min manata qədər kredit almaq da asandır, faizlər isə elə də yüksək deyil. 30-40 il bundan əvvəl mən Lənkərana gedəndə orada 1 kvadrat metr belə boş torpaq görmürdüm, yolun sağı-solu hamısı əkilirdi.

Bu gün də Lənkəranda 20-50 sotda, həyətyanı sahələrdə əkib-becərirlər. 20-30 qoyun, 2-3 inək, azı 50 toyuq saxlayırlar. Demirəm o pulla kəndli gedib yağın içində “Mercedes” ala bilər, xeyr, bunun üçün gərək ən azı 500-1000 hektar torpağın olsun və əkib becərə biləsən.

Daxildə istehsal oluna bilən məhsullar mütləq istehsal olunub daxildə satışa çıxarılmalıdır. Bu zaman bolluq olacaq və qiymətlər aşağı düşəcək, ən azından inflyasiya cilovlanacaq. Bolluq olmasa, qiymətlərin azalması mümkün olmayacaq. Qida məhsullarının 40-45 faizi bu günə qədər tam və ya qismən xaricdən gəlir. Orada qiymətlər artır, məhsul bura gələndə də ikiqat artım olur. Bu belə davam edir. Ona görə də daxili istehsalı mütləq artırmaq lazımdır”. /yenisabah.az/

AZİNFORM.AZ





up