Həyata keçirilən açıq məhkəmə proseslərindən sonra məhkəmədə materiallarının ictimaiyyətə açıqlanması hallarına rast gəlirik. Açıq məhkəmə proseslərində mətbuat və ya ictimaiyyət nümayəndələrindən kimlərsə iştirak etməsə belə, prosesin materiallarının ictimaiyyətə açıqlanması doğrudurmu? Burada şəxslərin məlumatlarının qorunması prinsipinə niyə əməl olunmur?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bunu məhkəmə işçilərinin qeyri-peşəkarlığıyla əlaqələndirib:
"Burada bir neçə məsələni fərqləndirmək lazımdır. Birinci məsələ işin xarakteristikasından asılı olmayaraq məhkəmə proseslərinin açıq olmasıdır. Yəni, istənilən şəxs bu məhkəmə proseslərini müşahidə edə bilər. Amma məhkəmə hansısa bir işdə məhkəmə iclasının qapalı olması barədə qərar qəbul edə bilər. Bu da həmin məhkəmə prosesində dövlət, kommersiya, ailə sirrləri məsələsi ortaya qoyulması varsa, tərəflərdən birinin belə, vəsatəti ilə həmin məhkəmə prosesi qapalı keçirilə bilər. Orada iştirak edənlərin də vəzifəsidir ki, hər şeyi yox, məhz sirr təşkil edən məlumatları ictimailəşdirməsin. Bütövlükdə isə məhkəmə prosesi haqqında məlumatı verə bilərlər. Məhkəmə ona görə qapalı elan olunmur ki, orada bütün danışılanlar sirrdir. Xeyr, Əlbəttə. Yalnız o sirrə aid olanlar məqamlara aid edilir.
Məhkəmənin qətnaməsində isə təbiidir ki, işin bütün halları yazılmalı, orada iştirak edən şəxslərin adları çəkilməlidir. Məhkəmə qərarları həmçinin elektron məhkəmə portalında da yerləşdirilir. Amma orada artıq anonimləşdirilmə formasında olur. Tərəflərin adlarını gizlədirlər. Düzdür, bunu da bizdə təəssüf ki, bəzən uğurlu etmirlər. Məhkəmə qərarının bir hissəsində yazmırlar, o birisində adlar verilir. Bu, daha çox həmin qərarı yerləşdirənlərin problemidir. Bu halda nələr baş verir.
Hesab edək ki, cinayət işi baş verib. Tərəflər adlarının açıqlanmasını istəmirlərsə, məhkəmədə bu barədə vəsatət qaldırmalıdırlar. Bu zaman məhkəmə qərarı anonim olur, portalda da anonim yerləşdirilir. Amma burada nəsə bir sirr olmalıdır.
Məhkəmə açıq keçirilsə belə, elektron məhkəmə portalında anonimləşdirilmiş şəkildə yerləşdirilməlidir. Amma məhkəmə bunu edibsə, səhvə yol verib".
Bəzən Baş Prokurorluqda da bu mənada problemlərin olmasını hüquqşünas belə qiymətləndirib:
"Baş Prokurorluğa bunu qadağan edən heç nə yoxdur. Prokurorluq dövlət adından ittiham tərəfidir. Onun fəaliyyətində qapalılıq da olmamalıdır. Amma bu məsələlərdə qanunla məhdudiyyət qoyulmasına ehtiyac olduğunu düşünürəm. Hazırkı məqamda şəxslərin sirrlərinin qorunması prinsipinə əməl edilmir".