Qadınları narkomana çevirən həkimin şok əməlləri: Təcavüz, dəhşətli cəza və…
24-08-2022, 07:00

O, xəstələrini əvvəlcə narkotik aludəçisi edib, sonra isə onların zəifliyindən istifadə edərək zorlayıb. 10 ildən artıq davam edən təcavüzlərdən sonra, nəhayət, hakim qarşısına çıxarılan həkimin dəhşətli əməlləri üzə çıxıb. Sonra isə…

Nyu Yorkda yerləşən “Beth İsrail” tibb mərkəzinin nevroloqu Ricardo Cruciani xroniki ağrıların müalicəsi ilə məşğul olub. Dərman tapa bilməyən bir çox xəstə son çarə kimi Crucianinin qapısını döyüb. Üstəlik, barəsindəki rəylər çox müsbət olub. O, xəstələrinə şəfqətlə yanaşıb, onların özlərinə və problemlərinə xüsusi diqqət yetirib.

Əslində isə bu istiqanlı görünüşün arxasında bir təcavüzkar dayanırmış…

AZİNFORM.AZ musavat.com-a istinadən bildirir ki, “New Tork Times” qəzeti həkimin dəhşətli əməllərindən bəhs edən yazı dərc edib.

Yazıda bildirilir ki, Cruciani əvvəlcə ona müraciət edən qadın xəstələrə çox güclü opioid dərmanlar təyin edib və bu preparatlar vasitəsilə onların ağrılarını azaldıb. Zaman keçdikcə həkim say və dozanı artıraraq pasientlərini tədricən bu dərmanlardan asılı vəziyyətə salıb.

Onun qəddarlığı bununla da bitməyib. Narkomana çevirdiyi qadınlara ağılasığmaz üsullarla zorlayıb.

Təcavüzə “yox” deyənləri isə ağır cəza gözləyib: Cruciani onları opioid dərmanlardan məhrum edib və qadınlarda qısa müddət ərzində dəhşətli ağrılar baş qaldırıb. Onlar fiziki və mənəvi cəhətdən dərin böhran yaşamağa başlayıblar.

Crucianinin təyin etdiyi preparatlar o qədər ağır olub ki, pasientlər başqa həkimlərə müraciət edib həmin resepti yazmalarını istəyəndə rədd cavabı alıblar

Crucianinin təcavüzləri bir və ya iki xəstə ilə məhdudlaşmayıb. O, 10-dan çox qadını zorlayıb. Şikayətlərə baxmayaraq, o, çox rahatlıqla bir xəstəxanadan başqasına gedərək çalışmağa davam edib. 2000-ci illərin əvvələrindən etibarən 10 il ərzində o, ABŞ-ın şərq sahilindəki üç ştatda bir çox klinikada çalışıb.

Nəhayət, 2017-ci ildə artan şikayətlərdən sonra ona qarşı qaldırılan iddia ilə cinsi təcavüzdə ittiham olunub. Filadelfiya prokurorluğu ilə həkimin vəkilləri arasında əldə edilən razılaşma nəticəsində Cruciani tibbi lisenziyasını itirsə də, həbsdən yayınmağı bacarıb.

QADINLAR YAŞADIĞI DƏHŞƏTİ DANIŞIR…

Manhetten Prokurorluğu tərəfindən 2018-ci ildə hazırlanan iddianamənin işlənməsi prosesi pandemiya səbəbindən gecikib. 2021-ci ilin oktyabrında isə Nyu-York və Nyu-Cersi ştatlarında Crucianiyə qarşı məhkəmə işləri qaldırılsa da, həkim azadlıqda qalmağa müvəffəq olub.

Crucianinin zorakılığına məruz qalan qadın pasientlərdən biri olan Tanişa Conson yaşadıqlarını “New York Times” qəzetinə danışıb. O bildirib ki, Cruciani ona ayda 1300 həb atması üçün resept yazıb. Həmin dövrdə təcavüzlərin sayı da artıb.

Qadın təcavüzdən bezib, həkimdən bunu dayandırmasını istəyəndə işgəncənin ikinci mərhələsi başlayıb.

“Crucianiyə yox dediyim üçün mənə resept yazmaqdan imtina etdi. Dərman istifadəsinin qəbulunu dayandırmaq ölüm kimi idi” – Tanişa deyib.

Bu il iyunun sonunda başlayan məhkəmə prosesi iyulun 29-da yekunlaşıb. Hakim Crucianinin cinsi təcavüz, zorlama və başqa 12 cinayət törətdiyinə qərar verib. Bir ay davam edən dindirilmələr zamanı 2012-ci ildə Nyu-York, Nyu-Cersi və Pensilvaniyadakı müxtəlif tibb mərkəzlərində Crucianinin xəstəsi olmuş altı qadının verdiyi ifadələrə xüsusilə diqqət yetirilib.

Manhattan bölgə prokuroru Alvin Braqq hökmün elan edildiyi gün verdiyi açıqlamada 68 yaşlı Crucianinin vəzifə səlahiyyətlərindən və xəstələrin ağrılarından istifadə etdiyini, ictimaiyyətin tibb işçilərinə olan inamını sarsıtdığını deyib:

“Onun dəhşətli əməllərini geri qaytara bilməsək də, ümid edirəm, çıxarılan hökm ədalətin bərqərar olmasını təmin edəcək”.

Crucianinin vəkili Fred Sosinski isə verdiyi açıqlamada məhkəmə prosesindəki “səhvlərə” diqqət çəkərək qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

GÖZLƏNTİLƏR BOŞA ÇIXDI…

Crucianinin intihar etdiyi “Rikers Island” həbsxanası

Crucianiyə qarşı məhkəmə işi sentyabrın 14-nə təyin edilmişdi. O yaxın həftələrdə Nyu-Cersi ştatında hakim qarşısına çıxacaq, daha sonra Manhettendə mühakimə olunacaqdı.

Törətdiyi əməllərin nəticəsi kimi Crucianinin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi proqnozlaşdırılırdı. Ancaq bu gözləntilər boşa çıxıb: Cruciani saxlandığı Rikers Island həbsxanasında ölüb.

Həbsxana rəsmiləri ölümün səbəbini açıqlamasa da, məlumatlı mənbə CNN-ə Crucianinin özünü asaraq intihar etdiyini bildirib.

“New York Times”ın əldə etdiyi sənədlərə görə, həkim həbsxananın hamamında yerdə oturmuş vəziyyətdə tapılıb. Həbsxana həkimləri boynuna çarşaf dolanan Crucianinin həyatını xilas etmək üçün dərhal müdaxilə etsə də, bu mümkün olmayıb.

İllərlə zorakılığa məruz qalan qadınlar Crucianinin həbs edilməsini alqışlayıblar. Onlardan biri – Terri Foeniks ölüm xəbərini eşitdikdən sonra bildirib ki, baş verənlər barədə hakimə daha geniş məlumat verəcək.

Digər xəstə Hillari Tullin isə bu xəbərə təəssüflənib: “Onun özü ilə üzləşmək şansı olmadı. Çıxış yolu olmadığını başa düşdü və özünü öldürdü. Cruciani ömrünün qalan hissəsini həbsxanada keçirməli idi”.

Qeyd edək ki, Tullin 2005-ci ildə Crucianiyə qarşı ittiham irəli sürən ilk şəxslərdən olub. O zamanlar Tullin üç il müalicə alıb.

Əvvəllər müraciət etdiyi həkimlərin hamısı şiddətli xroniki ağrılardan əziyyət çəkən qadının vəziyyəti qarşısında aciz qalıb: “15-20 müxtəlif həkimə getdim. Onların heç biri problemimin nə olduğunu anlamadı. Sonda dəli olduğumu qərara aldılar və məni qovdular”.

Cruciani isə Tullini müayinə etdikdən sonra ona “bütün bədən kompleksində ağrı sindromu” diaqnozu qoyub. Həkimin nəzarəti ilə qadın opioid terapiyasına başlayıb, lakin ağrıları dayanmayıb. Bundan sonra Cruciani başqa müalicə üsullarını tətbiq edib.

Müalicə dövründə həkim, demək olar ki, hər gün Tullinə zəng edib, davamlı olaraq şəxsi həyatından, ailəsindən danışıb, “sən çox gözəlsən, həmişə səni düşünürəm” kimi sözlər deyib.

Qadın bildirib ki, müayinə zamanı qısa qucaqlaşmalar bir müddət sonra uzun qucaqlaşmalara, sonra isə təcavüzə çevrilib.

Baş verənlərdən sonra Tullin o zaman “Beth İsrael” tibb mərkəzində işləyən psixoloqa müraciət edib və ondan bu vəziyyəti aidiyyəti şəxslərə bildirməsini istəyib. Lakin psixoloq bu tələbi yerinə yetirməyib.

“Yaralarım heç vaxt sağalmayacaq, zehnimdəki izlər heç vaxt silinməyəcək, amma ümid edirəm ki, onları yavaş-yavaş geridə qoya biləcəm. İndi mən həyatımı yenidən qurmağa başlaya bilərəm” – Tullin sonda bildirib.

 AZİNFORM.AZ





up