İtaliyada saxta dövlətin pasportunu sataraq yüzlərlə insanı 400 min avro məbləğində aldadan dəstəyə qarşı əməliyyat keçirilib.
AZİNFORM.AZ xəbər verir ki, ölkənin cənubundakı Catanzaro şəhərində həyata keçirilən əməliyyatda fırıldaqçı dəstə üzvü olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb. “Var olmayan ada” adlı əməliyyatda 30 nəfər haqqında cinayət işi açılıb. İstintaq altında olan şəxslər İtaliyanın müxtəlif yerlərindən gəliblər, lakin fırıldaqların əsas mərkəzləri Kalabriya, Siciliya və Teramoda müəyyən edilib.
Sənədlərin formal görünməsi üçün onların bir çoxu guya “rəsmi qəzet” başlığı altında dərc edilib. Bu üsulla iddia edilən şəxslər üçün 94 maddədən ibarət “Konstitusiya nizamnaməsi” və bir çox başqa bildirişlər də dərc edilib.
Şübhəlilərə qarşı ittihamlara sui-qəsd, dələduzluq, ölkədən çıxarma və çirkli pulların yuyulması üçün saxta sənədlər hazırlamaq və saxlamaq daxildir.
Araşdırmalara görə, San Giorgio Antarktika əyalətinin fırıldaq sistemi sayəsində Maltada yerləşən hesab vasitəsilə qanunsuz olaraq ən azı 400.000 avro rüsum əldə edilib.
Bildirilir ki, dəstə “San Giorgio Teokratik Antarktika Dövləti” adlı saxta ölkənin pasportunu alanlara vergi güzəşti, diplomatik qorunma və Covid peyvəndindən azad olunacağını vəd edib.
Mətbuatda yayılan məlumatlara görə, dəstə saxta dövlətin “adi” vətəndaşlığını 200 avroya satırmış, eyni zamanda “zadəgan təbəqəsi”nə daxil olmaq istəyənlərdən min avro alırmış. Bu yolla 700-dən çox adamın ümumilikdə 400 min avro məbləğində aldadıldığı müəyyən edilib.
Qeyri-adi dələduzluq 2021-ci ilin aprelində başqa bir məlumatla edilən zənglər nəticəsində aşkar edilib.
Katanzarodakı bir binada narkotik ticarəti ilə bağlı xəbərin ardından hadisə yerinə gedən təhlükəsizlik qüvvələri “San Giorgio Teokratik Antarktika Dövləti” adına hazırlanmış diplomatik sənədlər tapıblar.
Bununla bağlı aparılan araşdırmalarda saxta dövlət adından çap edilmiş çoxlu sayda sənəd, yerli nümayəndəlik vəsiqələri, möhür və ştamplar götürülüb. Saxta dövlət üçün internet saytının açıldığı müəyyən edilib.
Dəstə üzvlərinə qarşı dələduzluq, saxta sənədlərin hazırlanması və çirkli pulların yuyulması da daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb. Dəstənin rəhbəri keçmiş maliyyə polisi məmuru olmaqda şübhəli bilinir.
Təqaüddə olan generalın özünü yalançı ölkənin şahzadəsi kimi təqdim etdiyi bildirilir.
Saxlanılanlar arasında Covid peyvəndlərinə qarşı çıxan və alternativ tibblə müalicə etməyə çalışdığı xəstənin ölümündən sonra işdən çıxarılan keçmiş həkim də var.
Saxta pasport satan dəstəyə qarşı əməliyyat İtaliya mətbuatında “absurd dələduzluq”, “inanılmaz dələduzluq”, “vergidən yayınmaq istəyən avamlar aldadılıb” kimi ifadələrlə qeyd olunub.