ABŞ hökuməti Rusiyanın hücumuna məruz qalan Ukraynaya təkcə son iki həftə ərzində 3 milyard dollar maliyyə yardımı göstərib. UNIAN agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, bu, ukraynalıların hazırkı ehtiyaclarını ödəməyə imkan verib. “Birləşmiş Ştatlar gələn il də Ukraynaya müdafiə sahəsində, xüsusən də hərbi aviasiya potensialının gücləndirilməsində kömək etməyi planlaşdırır”, – deyə V.Zelenski əlavə edib.
Prezident Zelenski vurğulayıb ki, ABŞ hökuməti hazırda Ukraynaya əlavə yardımını nəzərə alaraq yeni maliyyə ili üçün müdafiə büdcəsi hazırlayır. Söhbət xüsusən hərbi aviasiyanın imkanlarının genişləndirilməsindən gedir.
Xatırladaq ki, təkcə ABŞ deyil, əksər Qərb dövlətləri Ukraynaya özünü müdafiə etmək üçün hərtətəfli maliyyə və hərbi yardımlar göstərirlər. Bununla bərabər, rəsmi Kiyev modern silahlara ehtiyacının tam ödənilmədiyini bildirir və tərəfdaş ölkələrin liderlərindən bunu nəzərə almalarını xahiş edir.
Rəsmi Moskva isə Qərbin Ukraynaya maliyyə və hərbi dəstəyinin yolverilməz olduğunu iddia edir və bunun regionda silahlı münaqişənin uzanmasına səbəb olacağını bildirir. Sivil dünyanı narahat edən budur ki, Rusiya-Ukrayna savaşı isə davam edir və nə vaxt bitəcəyi bəlli deyil.