Qeyri-qanuni onlayn qumar və mərc saytı yaradaraq idarə etdiyi üçün Türkiyə tərəfindən “qırmızı bülleten”lə axtarışa verilən Yaşam Ayavefeyə Yunanıstanın “fəxri vətəndaşlıq” verdiyi bildirilib.
AZİNFORM.AZ-ın məlumatına görə, rəsmi qərarı Yunanıstan Prezidenti Katerina Sakelaropulu və daxili işlər naziri Mavrudis Voridis imzalayıb.
Ayavefenin Yunanıstana “son dərəcə önəmli xidmətlər”inin olduğu bildirilən qərarda COVID-19 pandemiyası zamanı ölkəyə əsas ehtiyaclar, qida və sanitar ləvazimatları bağışlayaraq milli səhiyyə sistemini çökməkdən xilas etdiyi deyilib.
Qərarda Ayavefenin Yunanıstandakı sərmayələri ilə ölkə iqtisadiyyatına ciddi töhfələr verdiyi də iddia olunub: “Bu səbəbdən ona Yunanıstan vətəndaşlığının verilməsi iqtisadiyyatın strateji cəhətdən gücləndirilməsi çərçivəsində ölkənin maraqlarına xidmət edə bilər”.
Adıçəkilən şəxs 2019-cu ildə Türkiyədə qanunsuz qanunsuz qumar əməliyyatları çərçivəsində İstanbul Baş Prokurorluğunun tələbi ilə İnterpol tərəfindən beynəlxalq səviyyədə axtarışa verilib. Şübhəlinin Türkiyəyə ekstradisiyası üçün lazımi işlər aparılır.